Görəsən tarixi boyu 50 milyon tirajla satılmış avtomobili necə inkişaf etdirməlisən ki, dünyanın ən fərqli məkanlarında modelin yenisini gözləyən kütlənin xətrinə dəyməyəsən? Bu heç də asan vəzifə deyil. Əlbəttə bənzər suallar vaxtaşırı olaraq, Ford, General Motors, Volkswagen kimi nəhənglərin qarşısında da yaranır və adətən uzun sürən, baha başa gələn araşdırmalardan sonra inqilabi dizayn və texnoloji yeniliklər sayəsində bu suallara cavab axtarılır. Bəzən alınır, bəzən isə əksinə…

Toyota brendinin sirri sadəcə yeni dizayn və texnologiyaların tətbiqində, eləcə də ağıllı marketində deyil - Kayzen fəlsəfəsindədir. Yapon dilindən «Mükəmməlliyə doğru» kimi tərcümə olunan bu fəlsəfənin sütunları nizam-intizam və ardıcıllıqdır. 1986-cı ildə Masaaki İmainin «Kayzen - Yaponiya uğurunun açarıdır» adlı məşhur kitabının nəşrindən sonra ölkədə iri biznes subyektlərindən tutmuş fərdi şəxslərə qədər - hamı bu fəlsəfənin əsas prinsiplərinə əməl edərək, gələcəyə doğru irəliləyir. Tələsmədən, addım-addım…

Yenilənmiş Toyota Corolla və tam yeni Corolla Cross modellərinin Gürcüstanda təşkil olumuş regional press-testlərindən paylaşdığım fotolardan sonra mənə çoxlu suallar gəldi: nəyə görə Toyota öz modellərinin xarici görkəmində əsaslı dəyişikliklər etmir?

Cavab əvəzinə mən də sual verim: dünyada ən çox satılan modelin görkəmini əsaslı surətdə dəyişmək ağılsızlıq olmazmı? Yəqin belə sual verən internet “ekspertləri” nəinki Kayzen fəlsəfəsindən, adi statistikadan da xəbərsizdirlər.

Təkcə 2022-ci ildə dünyada satılmış 78 milyon minik avtomobilindən 8 milyondan çoxu - Toyota, 1 milyondan çoxu isə - Corolla-dır. İstehsalçı bu dəfə də Corolla-nı yenilədi, amma inqlab etmədi. Əvəzində modelin bazasında tam yeni krossover yaratdı. Hə, bax bu başqa məsələ.       

Bu dəfəki Gürcüstan testləri əlamətdar və yaddaqalan oldu. Otelə daxil olub, çantaları otağa tullayıb, kamera və mikrofonla silahlanıb, yenicə çəkilişə başlamışdıq ki, könüldən bir “stories” arzusu keçdi. Həmkarımdan günəşli havada, sakit dəniz fonunda şəklimi çəkməyi xahiş etdim. Fotoya baxanda, üfüqdə nə isə bir qaraltı gördüm, fikir vermədim. Haradan biləydim ki, bu gələn qasırğadır.   

Cəmi yarım saat sonra qiyamət qopdu. Ətrafda şüşə və dəmir parçaları uçmağa başladı, evlərin dam konstruksiyaları, avtobus dayanacaqları, çoxillik ağaclar dibindən qopurdu. Bizim otel təzə olduğundan bu sınağa tab gətirə bildi. Pəncərədən təbii fəlakəti izləyərkən ağlıma bir fikir gəlirdi: Bakı küləyinə min şükür…

Çox keçmədi güclü yağış da başladı, elə yağdı ki, dağ yollarını yuyub-apardı. Əslində çəkiliş üçün müəyyən problem yaransa da, avtomobil testləri əksinə daha da intriqalı olurdu. Növbə ilə ixtiyarımıza 2019-cu ilin ilk hibrid Corollası, yenilənmiş Corolla və nəhayyət tam yeni Corolla Cross buraxıldı. Mən isə fürsət tapıb, test-drayv üçün deyil, nümayiş üçün gətirilmiş 1992-ci ilin modelini də «xodladım» və «qaz verdim»…

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.