Keçən həftə Toyota şirkəti növbəti nəsil Tundra pikapının eksteryerinin ilk təsvirini dərc etmişdi. Bu gün yapon istehsalçısı tizer kampaniyasını davam etdirərək, yeni pikapın interyerinin təsvir olunduğu şəkilləri yayımlayıb. Bu şəkillərdə avtomobilin alın şüşəsindən görünən peyzaj təsvir olunur.

Qeyd etmək lazımdır ki, yeni pikapın interyerinin ən maraqlı detalı Apple CarPlay tətbiqini dəstəkləyən əyləncə-məlumat kompleksinin displeyidir. Ön panelin üzərində quraşdırılmış ekran, bu ayın əvvəlində debüt etmiş Toyota Land Cruiser 300 modelinin displeyinə çox bənzəyir.

Yeni Tundra pikapının LC 300 modeli ilə TNGA-F platformasını bölüşdüyü hesab olunur. Çox güman ki, tizerdə opsional displey nümayiş etdirilir, baza ekranı isə daha kiçik olacaqdır. Xatırladaq ki, LC 300 ofrouderi 9,0 və 12,3 düymlük sensorlu ekranlarla təklif edilir.

Bundan başqa, tizerlərin birində qırmızı rəngli “sıfır” nişanı olan sükan çarxının üst hissəsini görmək mümkündür. Ön dayaqların əsasına JBL səs sisteminin dinamiklərinin quraşdırılması da diqqəti çəkir.

Pikapın texniki hissəsi və debüt tarixi barədə heç bir məlumat verilməyib. Yeni Toyota Tundra modelinin 3,5-litrlik V6 biturbo mühərriki ilə təchiz ediləcəyi ehtimal olunur. Land Cruiser modelində bu aqreqat 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edir. Bundan başqa, pikapın hibrid güc qurğusunu alacağı barədə də şayiələr dolaşmaqdadır.

Hazırda satılan ikinci nəsil Toyota Tundra pikapı 2006-cı ildən bəri istehsal olunur: yəni pikap LC 200 modelindən də yaşlıdır. Pikapın varisi yaxın aylarda debüt etməldir - ABŞ-da pikap 2022-ci ilin modeli kimi satılacaqdır.