Peugeot şirkəti yenilənmiş 508 modeli üzərindəki sirr pərdəsini qismən götürüb. Fevralın 24-nə planlaşdırılan təqdimata bir neçə gün qalmış, Peugeot yeni video-tizeri yayımlayıb – çarxda qismən də olsa, PSE (Peugeot Sport Engineered) versiyasında olan "təravətlənmiş" 508 modeli göstərilir. Kadrlarda aerodinamik elementlər, sarı əyləc aupportları olan təkər disklərini və mürəkkəb naxışlı radiator barmaqlığındakı loqotipi görmək mümkündür.

Şayiələrə görə, adi 508 modelinin yenilənməsi yenidən işlənmiş ön və arxa fənərlərdən, fərqli radiator barmaqlığından və ön bamperdəki fərqli hava girişlərindən ibarət olmalıdır. 508 Peugeot Sport Engineered idman versiyası daha böyük maraq kəsb edir. Qeyri-rəsmi məlumatlara görə, idman versiyası şassinin yeni tənzimləmələrinə və "qabaqcıl sürücüyə yardım sistemlərinə" sahib olacaqdır.

Mühərrik çeşidində dəyişikliklər gözlənilmir. PSE variantı əvvəlki kimi tərkibinə 1,6-litrlik “turbodördlük”, səkkiz pilləli “avtomata” quraşdırılmış elektrik mühərriki və arxa oxdakı elektrik mühərriki daxil olan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Təkrar doldurulan Peugeot 508 hibridi 11,5 kilovat-saatlıq batareya ilə təchiz edilir.

360 at qüvvəli Peugeot 508 PSE liftbəki 100 km/saat həddini 5,2 saniyəyə toplayır, 100 kilometrə isə 2,0 litr yanacaq sərf edir. Hibrid sırf elektrik ötürməsi ilə 42 kilometrə qədər məsafə qət edə bilər. 508 PSE bu günə qədər Peugeot markasının ən güclü seriya modeli olaraq qalır. Model liftbək və universal kuzovları ilə təklif edilir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.