Bu günlərdə Instagram sosial şəbəkəsində yenilənmiş Volksüagen Tiguan krossoverinin cəsus fotoşəkli dərc edilib. Şəkildə, yenilənmiş yığcam krossoverin səkkizinci nəsil Golf hetçbekinin üslubunda ön LED fənərlərə sahib olduğu, R-Line versiyasının isə duman əleyhinə fənərlərdən məhrum olduğu diqqəti çəkir.

Şəkildən də görümdüyü kimi, krossover yeni bamperlər, ön qanadlar və başqa dizayna malik olan təkər diskləri ilə təchiz edilib. Böyük ehtimalla, arxa fənərlər formalarını qorusalar da, yeni tərtibata malik olacaqdırlar. Bundan başqa, son tendensiyaya uyğun olaraq, baqaj qapağını üzərində “Tiguan” yazısı peyda olacaqdır.

Yenilənmiş krossoverin kamuflyajsız dolaşması onun yaxın zamanlarda debüt edəcəyindən xəbər verir. Çox güman ki, yenilənmiş Tiguan modeli geniş kütlə qarşısına, mart ayında fəaliyyətə başlayacaq Cenevrə avtosalonunda çıxacaqdır.