Gələn il Alfa Romeo Giulia TZ kupesi 60-illik yubileyini qeyd edəcəkdir. Bu əlamətdar hadisənin şərəfinə kupenin müasir versiyası - Alfa Romeo Giulia SWB Zagato modeli təqdim olunacaqdır. Alfa Romeo 8C Competizione və Dodge Viper ACR-X şassilərinə (müvafiq olaraq trek və yol versiyaları) əsaslanan digər TZ3 modelindən fərqli olaraq, yubiley modelinin donoru kimi Giulia sedanı çıxış edəcəkdir.

Alfa Romeo Giulia TZ

Mövcud olan məlumatlara əsasən, Tubolare Zagato qısaldılmış şassiyə, orijinal Giulia TZ üslubunda dizayna və məhdud sayda buraxılmış Giulia GTAm sedanından götürülmüş 2,9-litrlik V6 biturbo mühərrikinə sahib olacaqdır.

Kuzov əlbəttə ki, ikiqapılı olacaqdır, buna görə də Giulia SWB Zagato kupesi əslində Alfa Romeo markasının Stellantis alyansının yaranmasından sonra imtina etdiyi GTV layihəsinin əvəzi olacaqdır.

Alfa Romeo TZ3 Stradale Zagato

Sonradan bu modelin formatına yenidən baxıldığı iddia edilir. Kupe əvəzinə ənənəvi daxili yanma mühərrikləri və tam elektrik güc qurğusu ilə hərəkətə gələcək modifikasiyaları və dördqapılı kuzova malik olan avtomobilin buraxılacağı vəd edilmişdi. GTV modelinin italyan brendinin flaqmanı və yeni texnologiyaların nümayişçisi olacağı güman edilirdi.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.