Bu həftəsonu Formula 1 çempionatının növbəti mərhələsi Rusiyada Soçi avtodromunda keçirilir. Azərbaycan avtoidman jurnalistikasını bu tədbirdə F1 Azərbaycanın səsi Rəhim Əliyev, Formula 1 Azərbaycanda (f-1.az) saytının yazarı Elçin Zodorov və bəndəniz təmsil edir. Qeyd etmək lazımdır ki, bu mənim Soçi avtodromuna etdiyim ilk səfərdir.

Əlbəttə ki, ilk növbədə Soçi avtodromu ilə tanış olub, buradakı abu-havanı duymaq, hiss etmək istəyirdim. Soçi avtodromu Adlerdə salınmış Olimpiya parkının ərazisində inşa edilib. Şəhər tipli trek olmasa da, burada paddok Bakıdakı kimi geniş deyil - lakin təşkilati cəhətdən daha uğurlu alınıb. Komandaların qonaq evləri ilə üzbəüz binada  komandaların boksları, Media mərkəz və Paddok Club yerləşir. Ən gözəli isə media nümayəndələri üçün nəzərdə tutulmuş mərkəzin düz komandaların bokslarının üzərində olmasıdır. Jurnalistlər Paddock Club’dakı VIP qonaqlar kimi həm pit-leyndə, həm də start-finiş düzlüyündə baş verənlərə birbaşa baxmaq imkanına malikdirlər.

Keçək əsas məsələyə. Sinoptiklər cümə günü yağış yağacağını söyləsələr də, həmin gün keçirilmiş hər iki sessiya quru hava şəraitində keçib. Pirelli Soçiyə ən sərt tərkibləri gətirib - C2, C3 və C4. İlk sərbəst yürüşlərin protokoluna Scuderia Ferrari komandasının gənc pilotu Şarl Lekler başçılıq edib. İlk altılıqda ənənəvi olaraq Ferrari, Mercedes və Red Bull Racing pilotları yer alıblar. Leklerin ən yaxın təqibçisi Maks Ferstappen olub - iki pilot arasındakı fərq 0,082 saniyə təşkil edib.

İkinci sərbəst yürüşlər isə Maks Ferstappenin üstünlüyü ilə başa çatıb. Hollandiyalı pilot ikinci nəticəni göstərmiş Şarl Leklərdən 0,335 saniyə yeyin olub. Birinci sessiyadan fərqli olaraq Pyer Qasli ilk altılığa daxil olmağı bacarıb. Sebastyan Fettel isə, ilk sessiyadan fərqli olaraq bir qədər zəif çıxış edərək beşinci nəticəni göstərib. Məlum məsələdir ki, ikinci sərbəst yürüşlər əsasən yarışa hazırlıq sessiyası kimi qəbul edilir və pilotlar yarış üçün nəzərdə tutulmuş tənzimləmələri sınaqdan keçirirlər.

Bu gün keçiriləcək üçüncü sərbəst yürüşlər isə sırf təsnifat mərhələsinə hazırlıq olacaq və qüvvələr nisbətinə aydınlıq gətirəcəkdir. Hələlik bu qədər…