Pekin avtosalonunda FAW konserninə daxil olan Hongqi brendi özünün model xəttində H9 sedanından bir pillə yuxarıda yerləşəcək Guoya sedanını təqdim edib. Adı Çin dilindən "milli" və ya "ölkə" kimi tərcümə olunan sedan bütün əlamətlərə görə, Mercedes-Maybach S-Class modeli ilə rəqibat aparmağa hazırlaşır.

Guoya sedanının dizaynı 2021-ci ildə nümayiş etdirilmiş Hongqi L-Concept prototipini xatırladır. Dəbdəbəli sedan xromla bolluca bəzədilmiş eksteryerə, bahalı dəri və təbii ağac kimi materiallarla tərtib edilmiş interyerə malikdir.

Hongqi L-Concept

Nə rəsmi Hongqi saytında, nə də Çin bloqları və sosial şəbəkələrində Guoya modeli barədə heç bir məlumata rast gəlmək mümkün deyil. Bununla belə, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumat bazasından sedanın güc qurğuları haqqında məlumat aşkar olunub.

Yeni modelin mühərrik çeşidində iki güc aqreqatı var və onların hər ikisi də hibriddir. Bununla belə, bu hibridləri şəbəkədən doldurmaq mümkün deyil. Başlanğıc hibridi 394 at qüvvəli 3,0-litrlik V6 mühərrikinə, ən güclü versiya isə, 490 at qüvvəli 4,0-litrlik V8 mühərrikinə əsaslanacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Guoya sedanının Çin bazarındakı əsas rəqibi, böyük ehtimalla, Mercedes-Maybach S 580 e modeli olacaq. Arxa ötürməli sedan tərkibinə 367 at qüvvəli 3,0-litrlik benzin mühərriki, 150 at qüvvəli elektrik mühərriki və doqquz pilləli “avtomat” daxil olan hibrid güc qurğusu ilə təchiz edilir.

Ümumilikdə, PHEV qurğusu 510 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir və sedanı ilk “yüzlüyə” 5,2 saniyəyə sürətləndirir. Alman sedanının qiyməti 2 016 000 yuandan (təxminən 473 700 manat) başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.