Dünən avtomobil aləmində çoxdan gözlənilən bir hadisə baş verib - Cenevrədə beynəlxalq avtosalon yenidən Cenevrədə işinə başlayıb. Xatırladaq ki, sonuncu dəfə sərgi Cenevrədə 2019-cu ildə keçirilmiş, sonra isə, pandemiya səbəbindən ləğv edilmişdi. Ənənəvi GIMS adı altında keçirilən sərgi keçən il uzaq Qətərdə baş tutub.

Beləliklə, Cenevrə avtosalonu ənənəvi məkanına qayıtsa da, əvvəlki illərdə olduğu kimi, çoxsaylı yeniliklər ilə öyünə bilməz. Cenevrədə nümayiş etdirilmiş ən vacib premyeralardan biri Renault 5 seriya hetçbekidir.

“Beşlik” ilk dəfə 2021-ci ildə, konsept statusunda nümayiş etdirilib. Renaulution strategiyasının simvolu və əsas elementinə çevrilən Renault 5 hetçbekinə xüsusi missiya həvalə edilib. Elektromobillərin buraxılmasını zərərsiz səviyyəyə çatdırmaq üçün kütləvi istehsala ehtiyac duyulur və buna əlçatan modellər olmadan nail olmaq mümkün deyil.

Yenidən canlandırılmış Renault 5 hetçbeki məhz bu məqsədə çatmaq üçün nəzərdə tutulub və onun əsas silahı retro üslubundakı dizaynıdır. Renault şirkəti Mini və Fiat 500 modellərində uğurla sınaqdan keçirilmiş üslubdan yararlanmaq qərarına gəlib.

Seriya hetçbekinin xarici görünüşü demək olar ki, üç il bundan əvvəl nümayiş etdirilmiş konsepti təkrarlayır. Başlanğıc nöqtəsi yetmişinci və səksəninci illərdə buraxılmış klassik Renault 5 modeli olub. Hətta kapotdakı xarakterik kəsiklər də qorunub saxlanılıb – indi onların yerində batareyanın səviyyəsini və doldurulma rejimlərini göstərən məlumat ekranı yerləşir.

Hetçbek qısa (3,92 metr) alınsa da,  eyni zamanda, öz sinfi üçün kifayət qədər enli (1,77 metr) və hündürdür (1,50 metr). Təkər bazasının genişliyi isə, 2,54 metrə çatır. Hələlik ölçüsü 195/55 R18 olan şinlər taxılmış 18-düymlük disklər təklif edilir.

İnteryerdə diqqəti cəlb edən element ön panel də daxil olmaqla, salonun parça ilə (ilk Renault 5 hetçbekində də belə idi) üzlənməsidir. Material parlaq rənglər və təzadlı tikişləri ilə seçilir ki, bu da audiovizual effektlərlə birlikdə rahat və dostcasına atmosferiyaratmalıdır.

Səs müşayətinin yaradılmasında məşhur musiqiçi Jan-Mişel Jarr iştirak edib. O, həmçinin piyadaları məlumatlandırmaq üçün xarici səs siqnallarını (30 km/saata qədər) yaradıb.

Qalan cəhətdən isə, Renault 5 modelinin interyeri müasir standartlara tam cavab verir. Salonda cihazlar panelinin (konfiqurasiyadan asılı olaraq 7,0 və ya 10,1 düym) və media sisteminin (10,1 düym) ekranlarını, bucaqlı çoxfunksiyalı sükan çarxını və transmissiyanın sükan sütunundakı selektorunu görmək olar.

Mərkəzi tuneldə simsiz enerji doldurma paneli quraşdırılıb. Xırda əşyalar üçün bölmələrin ümumi həcmi 19 litr, baqaj bölməsinin isə, 326 litrdir. Üç nəfərlik arxa oturacaq 60:40 nisbətində qatlana bilər.

Renault 5 hetçbeki inkişaf mərhələsində CMF-B EV adlanan yeni ön ötürməli AmpR Small platformasında inşa edilmiş ilk model olub. Komponentlərin 50 faizi mövcud olan CMF-B arxitekturası ilə unifikasiya edilib və nəticədə yeni platforma Renault 5 modelinin əvəzlədiyi indiki Renault Zoe hetçbekinin platformasından 33% ucuzdur.

Öndə McPherson dayaqları quraşdırılıb,  arxa isə, yığcam sinif üçün qeyri ənənəvi olan çoxqollu asqı var! Kəskin sükan (ötürücü nisbəti 13,7:1), həyəcanverici idarəetmə və əla manevr qabiliyyəti (dönmə dairəsi - 10,3 metr) vəd edilir. Effektiv bərpa sistemi və 8 kilovatlıq istilik nasosu da bəyan edilib.

Renault 5 iki güc aqreqatı ilə təklif olunur. İlkin variant 40 kilovat/saatlıq litium-ion dartma batareyası və iki hasilat səviyyəsi olan elektrik mühərriki malikdir - 95 at qüvvəsi və 215 Nm və ya 120 at qüvvəsi və 225 Nm. Baza hetçbekinin çəkisi 1350 kiloqram, yürüş ehtiyatı isə, WLTP dövrünə uyğun olaraq 300 kilometrdir.

İkinci versiya 52 kilovat/saatlıq batareyaya malikdir, onun elektrik mühərriki isə 150 at qüvvəsi və 245 Nm fırlanma anı hasil edir. Lakin belə versiya 100 kiloqram daha ağırdır – 1450 kiloqram. Hetçbekin yürüş ehtiyatı 400 kilometr, maksimal sürəti isə 150 km/saatdır.

Renault 5 modelinin bütün versiyaları 11 kilovat gücündə dəyişən cərəyanlı şarj cihazı ilə təchiz edilir. Üstəlik, 95 at qüvvəli baza versiyası üçün belə cihaz yeganə mümkün variantdır. Çox güman ki, belə versiyaya tələbat o qədər də yüksək olmayacaq.

120 at qüvvəli versiya üçün isə, 80 kilovat gücündə sabit cərəyanlı şarj cihazı nəzərdə tutulub. 150 at qüvvəli hetçbekdəki şarj cihazının gücü 100 kilovat təşkil edir. Nəticədə, hər iki batareyanı sürətli terminaldan cəmi yarım saat ərzində 15%-dən 80%-ə qədər doldurmaq mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Daha əvvəl, Renault 5 modelinin 95 at qüvvəli baza versiyasının təxminən 25 min avroya başa gələcəyi bildirilib. Bununla belə, ən güclü və uzunmənzilli variant bu ilin sentyabrında bazara çıxan ilk versiya olacaq. Məlum məsələdir ki, belə versiyanın qiyməti hələlik açıqlanmayıb.

Digər versiyalar 2025-ci ildə çeşidə daxil olacaqlar. “Beşlik” Fransada, Due şəhərindəki Renault zavodunda yığılacaq, onun əsas rəqibi isə, 23 300 avroya satılan krossoverşəkilli Citroen e-C3 modeli olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.