Chevrolet Equinox modeli 2016-cı ildə debüt edib. Krossover sələıfindən kiçik ölçülərə və amerikalıların fikrincə kiçik həcmli turbomühərriklərə malik olsa da, yerli alıcılar 4652 mm uzunluğa sahib olan krossoveri yaxşı qarşılayıblar. Keçən il Chevrolet Equinox 346 min nüsxəlik tirajla satılıb. Qeyd edək ki, onun sələfinin rekordu cəmi 277 min ədəd olub.

Avtomobilin uğurunu gücləndirmək məqsədi ilə General Motors onun plan üzrə yenilənməsini həyata keçirib. Çikaqo avtosalonunda debüt edən yenilənmiş Equinox sələfindən vizual olaraq üfüqi zolaqla birləşdirilmiş yeni ön fənərləri, radiator barmaqlığı, bamperləri və arxa fənərləri ilə fərqlənir. Bununla belə, krossoverin interyeri dəyişilməz qalıb. Amerikada satılan model xəttinə əvvəllər yalnız Çində təklif edilən RS «idman» təchizat səviyyəsi daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Chevrolet Equinox RS modeli daha aqressiv kuzov dəstinə, buraxılış sisteminin dörd çıxış borusuna, qara rəngli təkər diskləri və tündləşdirilmiş xromdan dekora malikdir. Onun salonu qara-qırmızı rənglərdə tərtib edilib. Bütün dəyişikliklər bununla məhdudlaşır - avtomobilin şassisi və güc aqreqatları dəyişilməyib.

Equinox modeli 172 at qüvvəsi hasil edən 1,5-litrlik və 256 at qüvvəli 2,0-litrlik dördsilindrli turbomühərriklər ilə təchiz edilir. 172 at qüvvəli mühərrik 6-pilləli, daha güclü variant isə 9-pilləli «avtomat» ilə tandemdə çalışır. Yenilənmiş krossoverlərin ABŞ-dakı satışlarına bu ilin payızında başlanacaqdır.