Alman ABT Sportsline firması uzun müddətdir ki, Volkswagen avtomobillərinin tüninqi ilə məşğuldur. Lakin son illərdə alman tuner daha ciddi layihələrdə iştirak etməyə üstünlük verir. Məsələn, atelye mühəndisləri keçən yaz debüt edən Volkswagen Transporter T6.1 elektrik furqonunun elektrik güc qurğusunun yaradılmasında iştirak ediblər. Atelyenin bu qəbildən olan yeni layihəsi Skoda Scala Edition S hetçbekidir.

Bir çoxları 2018-ci ildə nümayiş etdirilmiş Skoda Vision RS konseptini xatırlamalıdırlar. Həmin konsept sonradan seriya Scala modelinə çevrilmişdi. Konseptin kapotunun altında 245 at qüvvəli təkrar doldurulan hibrid qurğusu yerləşirdi. Hər kəs belə qurğuya malik olan Scala RS modelinin işıq üzü görəcəyini ehtimal etsə də, bu günə qədər “qaynar” versiyadan heç bir xəbər yoxdur.

Hazırda Scla modelinin təchiz olunduğu ən güclü mühərrik 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən dördsilindrli 1.5 TSI turbomühərrikidir. Yeni Skoda Scala Edition S modelini təəssüf ki, RS versiyasının alternativi hesab etmək olmaz: Edition S indeksli hetçbek də, gücü 190 at qüvvəsinə, fırlanma anı isə 290 Nm-ə qədər artırılmış  1,5-litrlik turbomühərriklə təchiz olunur.  Mühərrikin gücü altı pilləli mexaniki transmissiya vasitəsi ilə ön oxa ötürülür.

Bundan başqa, ABT mühəndisləri asqı üzərində işləyərək, onun hündürlüyünü 15 millimetr azaldıblar. Üstəlik, hetçbekin aerodinamik dayağı da bir qədər təkmilləşdirilib - beşinci qapıda böyüdülmüş spoyler quraşdırılır. Məlum məsələdir ki, “qaynar” hetçbek ABT atelyesinin məhsulu olan xüsusi 18-düymlük təkər disklərini əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Layihənin əsasını bahalı Monte Carlo versiyası təşkil etdiyi üçün, yeni Scala Edition S modeli zəngin təchizata malikdir. ”Qaynar” versiyasının interyerdəki yeniliklər qara parça ilə örtülmüş oturacaqlardan, paslanmayan poladdan hazırlanmış pedallardan və karbon dekordan ibarətdir. Kuzov üçün üç boya seçimi var: boz, qara və parlaq qırmızı “metallik”.

Skoda Scala Edition S versiyası 500 nüsxəlik tirajla buraxılacaqdır və onların hamısı Almaniya bazarı üçün nəzərdə tutulub.  “Qaynar” hetçbekə sifarişlər artıq qəbul olunur və modelin başlanğıc qiyməti 33.790 avrodur. Xatırladaq ki, adi Scala Monte Carlo hetçbeki 24.350 avroya satılır.