Bu il Stellantis qrupuna daxil olan Abarth brendi 75 illik yubileyini qeyd edir. Hələ fevral ayında Abarth 695 75° Anniversario adlı xüsusi yubiley hetçbeki təqdim edilmişdi, lakin bu, yalnız bir başlanğıc idi. Bu yaxınlarda Turin şəhərində Abarth brendinin şanlı tarixinə həsr olunmuş sərgi açılıb. Sərgidə tarixi eksponatlardan əlavə, debütə hazırlaşan Abarth Classicche 1300 OT kupesinin irimiqyaslı (1:3) maketi nümayiş olunub.

Lakin bu heç də Abarth bölməsinin müstəqil modeli deyil, 2013-cü ildən 2020-ci ilə qədər kütləvi şəkildə istehsal edilmiş Alfa Romeo 4C superkarının (iki kuzov növü ilə) başqa “geyimli” versiyasıdır. Abarth bu şassidən ilk dəfə istifadə etmir: üç il əvvəl, 1966-cı ilin eyniadlı yarış avtomobilinə həsr olunmuş Abarth 1000 SP spayderi işıq üzü görmüşdü. Alfa Romeo sportkarının istehsalının başa çatmasına baxmayaraq, yubiley Abarth Classiche 1300 OT kupesi də eyni reseptə əsasən hazırlanıb.

Abarth Classiche 1300 OT modelində üç il əvvəlki avtomobillə eyni dizayn konsepsiyasında istifadə olunub, lakin bu dəfə sərt dam ilə. Bununla belə, yeni layihənin ilham mənbəyi 1965-ci ildən 1968-ci ilə qədər buraxılmış, Nürburqrinq və Hokkenhaymrinq marafonlarında qələbələri ilə yadda qalan Fiat Abarth OT 1300 kupesidir. Həmin ortamühərrikli avtomobil 1289 sm3 həcmli dördsilindrli atmosfer mühərriki ilə təchiz olunurdu, lakin bu aqreqat 655 kiloqram çəkisi olan kupenin yarışlarda qalib gəlməsi üçün kifayət edirdi.

 Yeni Abarth Classiche 1300 OT modelinin texniki hissəsi haqqında hələlik heç bir məlumat yoxdur, lakin onun donor Alfa Romeo 4C modelindəki ilə eyni olacağı ehtimal edilir: karbon monokok, alüminium alt çərçivələr və oturacaqların arxasında yerləşən 240 at qüvvəli 1,75-litrlik turbomühərrik.

Donordan əsas fərqlər - karbondan hazırlanmış başqa kuzov panelləri, “dördgözlü” fənərlər və hava girişlərinin dəyişdirilmiş konfiqurasiyasıdır. Həmçinin, mühərrikin əlavə soyudulması üçün arxa pəncərə yerinə kəsikləri olan pleksiqlas qapaq quraşdırılıb. Arxa tərəf də tamamilə yenidən işlənib. Görünüşü orijinal təkərlər tamamlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Stellantis Heritage bölməsi artıq Abarth Classiche 1300 OT yubiley kupesi üçün sifarişləri qəbul edir, lakin onun tirajı beş nüsxə ilə məhdudlaşdırılıb. Tirajın artacağına ümid etmək gərək deyil, çünki Abarth brendi elektromobillərə keçməyə hazırlaşır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.