Subaru şirkətinin Toyota şirkəti ilə birlikdə yeni elektrik krossoverini hazırladığı barədə xəbər vermişdik. Bir müddət bundan öncə, yapon markası Subaru Solterra adlandırılmış elektrik krossoverinin şəkillərini də dərc etmişdi.

Bu gün isə, Subaru şirkəti yeni elektrokarın yeni videotizerini yayımlayıb. Tizerdə təkcə modelin eksteryeri deyil, eyni zamanda interyeri də nümayiş etdirilir. Belə ki, videoçarxda krossoverin bir neçə blokdan ibarət olan ön matrisa fənərləri, bumeranq şəkilli arxa fənərləri, beşinci qapıdakı iki kiçik spoyler və multimedia sisteminin planşetinə keçən əyri formalı mərkəzi konsol göstərilir.

Subaru elektrik krossoveri 2022-ci ildə satışa çıxarılacaq və modelin əsas bazarları Yaponiya, Şimali Amerika, Avropa və Çin olacaqdır. Subaru Solterra modeli Toyota şirkəti ilə birlikdə hazırlanan e-Subaru Global Platform platformasına əsaslanır, tam ötürmə ilə təchiz edilir və görünən odur ki, asfaltı tərk etməkdən qorxmayan bir avtomobil olacaqdır. Təsadüfi deyil ki, bütün tizerlərdə krossover təbiətin fonunda çəkilib.

Eyni zamanda, zahirən Subaru elektromobili demək olar ki, Toyota bZ4X konseptini təkrarlayır. Subaru modeli fənərlərin “naxışı”, təkər tağlarının üzərindəki əlavələr (Subaru perimetr üzrə boyasız plastikdən müdafiə qurşağına malikdir), loqotipləri və bəzi interyer detalları ilə fərqlənir: məsələn, seriya avtomobilində futuristik sükan əvəzinə adi sükan quraşdırılıb. Solterra krossoveri digər xüsusiyyətlərə də sahib ola bilər, lakin bu barədə hələlik heç bir məlumat yoxdur.

Ancaq Solterra adının etimologiyası məlumdur. Subaru nümayəndələri latın “Sol” (“Günəş”) və “Terra” (“Yer”) sözlərini birləşdirdiklərini, təbiətin hakim rolunu və onunla birlikdə yaşamağın yollarını axtarmağın lazım olduğunu vurğuladıqlarını söyləyirlər. Xatırladaq ki, bir il bundan əvvəl, Subaru elektrik krossoverinin Evoltis adlandırılacağı barədə şayiələr yayılmışdı.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.