Adı açıqlanmayan yeni hiperkar V16 mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz ediləcək, lakin dizayn baxımından elə də ciddi dəyişikliklərə məruz qalmayacaq.

Ən azından, hiperkar özünəməxsus stilistik elementi – yan tərəfdə "estetik yük daşıyan"  və eyni zamanda mühərrikin soyudulması üçün hava axını yönəldən C-formalı "cibləri" saxlayacaq. Qeyd etmək lazımdır ki, bu element eyni zamanda fransız brendinin yaradıcısı Ettore Buqattinin imzasına istinaddır.

Gələcək hiperkarın Cosworth şirkətinin iştirakı ilə hazırlandığı iddia edilən V16 mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə hərəkətə gələcəyi rəsmən təsdiqlənib. V16 mühərrikinin həcmi 8,3 litr, gücü isə, təxminən 1000 at qüvvəsi olacaq.

Qalan 800 at qüvvəsini isə, üç elektrik mühərriki tərəfindən təmin ediləcək. Beləliklə, yeni hiperkar güc baxımından yarış benzini ilə 1850 at qüvvəsi hasil edən mühərriki almış Bolide prototipinə daha yaxın olacaq.

Şayiələrə görə, kupe “şəffaf”  cihazlar panelini əldə edəcək, onun tirajı isə, 250 nüsxə ilə məhdudlaşacaq. Müqayisə üçün: Chiron hiperkarının tirajı 500 ədəd planlaşdırılıb, Veyron hiperkarı isə, bütün dünya üzrə cəmi 450 nüsxədə satılıb.

Yeni Bugatti, Bugatti Rimac birgə müəssisəsində 55 faiz paya sahib olan Xorvatiyanın Rimac şirkəti ilə əməkdaşlıqda hazırlanır. Belə tərəfdaşlığın faydaları göz qabağındadır - Bugatti şirkəti Rimac texnologiyalarına, xorvatlar isə, fransız brendinin sadiq müştəriləri və geniş diler şəbəkəsinə çıxışı əldə ediblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.