Bu gün Melburnun Albert-parkında keçirlmiş Avstraliya Qran Prisində Mercedes komandasının fin pilotu Valtteri Bolttas qələbə çalıb. Startda titullu komanda yoldaşını geridə qoymağı bacaran Bottas, uğurlu strategiya sayəsində üstünlüyünü qoruyub-saxlayıb.

Dünənki təsnifat mərhələsindən sonra hər kəs Lyuisin qalib gələcəyini düşünsə də, Bottas rəqiblərinə şans tanımayıb. Fin pilot finişdə komanda yoldaşını 20,886 saniyə üstələyib. Lyuisin komanda yoldaşından geri qalmasına səbəb isə, onun bolidinin altlığının zədələnməsi olub.  Bununla belə, Ferrari və Red Bull Racing pilotları Lyuisə hücum etmək şansına malik olmayıblar.

Yerli azarkeşlərin sevimlisi olan Daniel Rikkardo problem yaşayıb. Düzlükdə rəqiblərin avtomobillərindən qaçan Renault pilotu trekdən kənara çıxıb və ön antiqanadını itirib. Zədənin aradan qaldırılması üçün boksa qayıdan avstraliyalı, sonradan yarışdan çəkilməli olub.

Yeni mövsümün ilk yarışı pilotlar arasındakı mübarizələrlə yadda qalmayıb. İki Mercedes pilotu arasında ara məsafəsi artmağa başlayıb və 10 dövrədən sonra Bottas ilə Həmilton arasındakı fərq üç saniyəyə qədər artıb. Təxminən 15 dövrədən sonra ilk planlaşdırılan pit-stoplar başlayıb. Elə bu zaman da Karlos Saynsın McLaren’nində Renault mühərriki iflas edib.

Pirelli nümayəndələri yarışda iki pit-stop sxeminin daha əlverişli olacağını bildirsə də, komandaların yarışın ortlarında həyata keçiriləcək bir pit-stop strategiyasını da  seçə biləcəklərini qeyd etmişdi. Liderlər qrupundakı sonrakı hadisələr bunun doğru olduğunu sübut etdi. Sebastyan Fettel və Lyuis Həmilton 15-ci dövrədə pit-stopa yollandılar. Radio danışıqlarından göründüyü kimi, Mercedes komandasının Fetteıin hərəkətlərini təkrar etmə qərarına gəlməsi, beşqat dünya çempionunun narazılığına səbəb olubmuş. Lyuis - «Mən bu təkərlərlə finişə qədər çatmaram», - deyərək komanda körpücüyünə öz narazılığını bildirmişdi.

Beləliklə, Həmilton və Fettel öz mövqelərini qoruyub-saxlasalar da, yarışın ortasına doğru pit-stopa yollanan Bottas və Ferstappen yarışın sonuna doğru daha sürətli olublar. Bottas Həmiltonla arasını açmağa müvəffəq olub, Ferstappen isə, podium uğrunda mübarizədə Fetteli geridə qoymağı bacarıb.

Həmilton üçün seçilmiş pit-stop strategiyası yarışın qalibinin kim olacağı məsələsinə aydınlıq gətirib. Bottas komanda yoldaşı ilə ara məsafəsini artırımağa davam edib və finişdə iki pilot arasında 20 saniyəlik fərq olub. Maks Ferstappen isə podiumun son pilləsinə qalxaraq Honda’ya 2008-ci ildən sonra ilk podiumunu qazandırıb. Ferrari pilotları isə, yarışı dördüncü və beşinci olaraq bitiriblər.

İlk onluğu Kevin Maqnussen, Niko Hülkenberq, Kimi Rəyykonen, Lens Stroll və çempionata qayıdan Daniil Kvyat tamamlayıb.

İlk mərhələdən sonra pilotlar birinciliyinə 26 xal toplamış Valtteri Bottas başçılıq edir. İkinci yerdə 18 xalla Lyuis Həmilton, üçüncü yerdə isə, 15 xalla Maks Ferstappen qərarlaşıb. Konstruktorlar kubokunda 44 xal toplayan Mercedes - birinci, 22 xalla Ferrari - ikinci və Ferstappenin əldə etdiyi 15 xal sayəsində Red Bull Racing üçüncüdür. 

Qüvvələr nisbətinə gəldikdə isə, mövsümün ilk yarışı Mercedes kollektivinin ən güclü komanda olduğunu göstərir. Hələlik görünən odur ki, Barselonadakı testlərdən sonra favorit sayılan Ferrari sürət problemi yaşayır - italyan komandasının pilotlarının liderə 57 saniyə uduzmasını başqa cür izah etmək mümkün deyil.  Red Bull Racing də hələlik alman komandasına «əlcək atmaq» iqtidarında  deyil.

Haas komandasının digər komandaların arasında ən yaxşı vəziyyətdə olduğunu qeyd etmək olar. Ən maraqlısı odur ki, Formula 1 tarixində uğurlar əldə etmiş Renault komandası, yerində çapalamağa davam edir - fransızlardan onlardan gözlənilən sıçrayışı yenə də həyata keçirə bilməyiblər. Vaxtı ilə Formula 1 çempionatında dominantlıq etmiş Williams komandası batmağa davam edir - britaniyalıların bu mövsümü də autsayder olaraq bitirəcəklərindən şübhə etməmək olar.    

Mövümün ikinci yarışı iki bu ayın sonunda Bəhreyndə keçiriləcəkdir.