Doqquzqat dünya çempionu Sebastyen Löb 2018-ci ildə dünya ralli çempionatına (WRC) qayıdacaqdır. Əfsanəvi fransız pilot şturmanı Daniel Elena ilə birlikdə üç mərhələdə iştirak edəcəkdir. Onlar Citroen komandasının rənglərini müdafiə edəcəkdirlər.

Payızın başlanğıcında Löb Citroen C3 WRC avtomobilində bir neçə sınaq yürüşü edib. Bu sınaqlar əfsanəvi fransızın gələn mövsümdə ralliyə qayıdacağı barədə söz-söhbətlərə təkan verib. Beləliklə, Löb Meksika (8-11 mart), Fransa (5-8 aprel) və İspaniya (25-28 oktyabr) mərhələlərində Citroen komandasında Kreq Brini  əvəz edəcək. Onun komanda yoldaşı isə Kris Mik olacaqdır. “İkiqat  Şevronlar” hər iki pilotla olan müqavilənin uzadılması barədə  məlumatı keçən həftənin üçüncü günü təsdiq edib.

Citroen bir neçə rallidə Xalid əl Qassimi üçün üçüncü avtomobili də yarışa çıxarmaq fikrindədir. Stefan Lefevrə gəldikdə isə, o WRC2 kateqoriyası üçün hazırlanmış Citroen C3 R5 avtomobilində çıxış edəcəkdir. 2018-ci ildə Sebastyen Löbün əsas məqsədi ralli-kross çempionatında Peugeot markasının rənglərini müdafiə etməkdir.

Yanvar ayında isə, fransız pilot karyerasında üçüncü dəfə olaraq “Dakar” rallisində iştirak edəcəkdir.