Çinli smartfon istehsalçısının sıfırdan hazırladığı SU7 adlı elektrik sedanının satışlarına 28 mart 2024-cü il tarixində başlayacaq. Avtomobilə əvvəlcədən sifarişi Çinin 29 şəhərindəki 59 Xiaomi mağazasında rəsmiləşdirmək olar. Eyni zamanda, şirkətin böyük ekosisteminin bir hissəsi olacaq avtomobilin qiyməti hələlik gizli saxlanılır.

Xiaomi SU7 Modena platformasına əsaslanır və dizayn üzərində BMW brendinin keçmiş baş dizayneri Kris Bənql çalışıb. Rekord aerodinamik müqavimət əmsalı da bəyan edilib - cəmi 0,195. Şirkət mühərrikləri müstəqil şəkildə yaradıb: bunlar HyperEngine V6/V6s elektrik mühərrikləri, həmçinin gələn il sedanda quraşdırılacaq daha güclü V8 adlı aqreqatdır.

V6 mühərriki olan SU7 modelinin başlanğıc versiyası 299 at qüvvəsi  və 400 Nm fırlanma anı hasil edən güc qurğusuna malik olacaq.Belə güc qurğusu avtomobili 100 km/saat həddinə 5,28 saniyəyə sürətləndirir. Baza sedanı 73,6 kilovat-saat tutumlu litium-dəmir fosfat batareyası ilə təchiz edilib və enerji doldurmadan 668 kilometr yürüş ehtiyatını təmin edir.

Daha güclü versiya arxa oxda quraşdırılan V6s mühərriki ilə tamamlanır. Güc qurğusunun ümumi hasilatı  673 at qüvvəsi və 838 Nm fırlanma anı təşkil edir və bu da, SU7 modelinə 100 km/saata 2,78 saniyə ərizndə sürətlənməyə imkan verir. Buradakı batareya daha tutumludur: onun tutumu 101 kilovat-saat, yürüş ehtiyatı isə, 800 kilometrdir.

SU7 modeli üçün lidar, kameralar və sensorların əsasında çalışan avtopilot, Qualcomm Snapdragon çipi ilə işləyən mediasistem, 25 dinamikli audiosistem, həmçinin Xiaomi smartfon və planşetləri ilə asan inteqrasiya vəd edilib.

Xiaomi SU7 Çin şirkətinə 10 milyard yuana başa gəlib. Maraqlıdır ki, Apple öz avtomobilinin inkişafına eyni 10 milyard ABŞ dolları yatırıb. Lakin, Xiaomi şirkətindən fərqli olaraq, Amerikanın texnologiya nəhəngi heç vaxt hazır məhsulu təqdim etməyib: layihəyə yaradıcılar komandasındakı fikir ayrılıqları və dəyişən avtomobil bazarı səbəbindən son verilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.