Yoşivaradakı istehsal meydançasında yeni Toyota Land Cruiser 300, klassik Land Cruiser 70 və Lexus LX modellərinin istehsalı bərpa olunub. Əvvələcə, istehsalı fevralın 1-də bərpa etmək planlaşdırılırdı, lakin naməlum səbəblərdən bu tarix bir neçə dəfə təxirə salınıb. Nəhayət, bu gün ofrouderlərin yığılmasına start verilib.

Fevralın 26-da isə, Toyota şirkətinin törəmə müəssisəsi olan Daihatsu şirkətinin bəzi modellərinin, həmçinin Toyota Pixis Epoch və Pixis Van, habelə Subaru Pleo Plus, Sambar və Sambar Truck modellərinin istehsal prosesi bərpa olunacaq.

İstehsal edilən avtomobillər yalnız ixrac üçün nəzərdə tutulub və daxili bazarda satılmayacaqlar. Bunun üçün yapon istehsalçısı Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi tərəfindən verilən xüsusi icazəni almalıdır. 

Eyni nazirlik dizel mühərriklərinin tədarük edildiyi TICO (Toyota Industries Corporation) müəssisəsində də yoxlamaları həyata keçirir.

2023-cü ilin sonunda TICO müəssisəsinin mühərrik sınaqları zamanı dizel aqreqatlarının güc xarakteristikalarını saxtalaşdırdığı ortaya çıxıb. Pozuntuların miqyası çox böyük olub: 60-dan çox model üzrə ümumilikdə 170 saxtalaşdırılmış məlumat müəyyən edilib.

Əvvəllər, yerlərdə genişmiqyaslı istintaqın aparılacağı  və onun nəticələrinə əsasən müvafiq qurumlar tərəfindən tədbirlərin görüləcəyi bildirilmişdi. Hətta, mühərriklər ilə bağlı qalmaqalın Yaponiya avtomobil sənayesinə olan inamı sarsıda biləcəyi də qeyd edilirdi.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.