Mercedes-Benz şirkəti yeni nəsil C-Class ailəsinin ilk tizerlərini dərc edib. Onlardan birində sedanın ön fənəri, digərində isə sedan və All-Terrain universalının siluetləri göstərilir. Bundan əlavə, Ştuttqart markası ailənin debüt tarixini də təsdiqləyib: 23 fevral.

Tizerdə göstərilən C-Class modelinin optikası, yeni S-Class və EQS elektrik sedanlarının təchiz edildiyi Digital Light işıqlandırma sistemini xatırladır. “Ağıllı” sistem, 2000 dövr/ dəqiqədə fırlanan holoqrafik linzalardan istifadə edir və yol səthinə xəbərdaredici simvolları proyeksiya edə bilir.

Belə opsiyanın yığcam modelə qismət olub-olmayacağı barədə məlumat bir həftədən sonra açıqlanacaqdır.

İkinci tizerdə Mercedes-Benz C-Class sedanına və C-Class ailəsinə qoşulacaq yüksək keçimli C-Class All-Terrain univerisalının yeni versiyasına məxsus olan siluetləri göstərilir. Təsvirdən də göründüyü kimi, yüksək keçim qabiliyyətinə malik olan universal sedana nisbətən yüksək klirensə sahib olacaqdır.

All-Terrain universalı və sedan ilə yanaşı, yeni C-Class ailəsinə ənənəvi universal, kupe və kabriolet daxil olacaqdır.