Bu gün Belçikanın Zolder avtodromunda keçirilən ilk təsnifat mərhələsi Marko Vittmannın üstünlüyü ilə başa çatıb. BMW komandasının alman pilotu Zolderdəki dövrəni 1.21,307 zamanla başa vuraraq poula sahiblənib. Poul uğrunda mübarizədə markonun əsas rəqibi Audi komandasından olan həmyerlisi Rene Rast olub.

Sessiya boyu Rene Rast və Marko Vittmann yeyin zamanlara imza ataraq bir-birlərini birinci yerdə əvəz ediblər. Lakin, sonda ən uğurlu nəticəni Marko əldə edib.  Ümumiyyətlə, BMW pilotları sessiyada güclü çıxış ediblər. Məsələn Bruni Spenqler və Şeldon Van der Linde ikinci sıranı zəbt etməyə müvəffəq olublar.

Üçüncü sıradan yarışı başlayacaq pilotlar Robin Friyns (Audi) və Timo Qlokdur (BMW). Dördüncü cərgədə BMW və Audi pilotlarından ibarətdir - Filipp Enq və Niko Müller. Beşinci cərgədə də eyni düzülüş vardır - Coel Eriksson (BMW) və Ceymi Qrin (Audi). Aston Martin Vantage DTM avtomobilində çıxış pilotlar arasında ən uğurlu pilot Cey Dennis olub. O, 13-cü nəticəni göstərib.