Bildiyimiz kimi, standart Audi RS4 Avant modeli güc xarakteristikalarına görə, əsas rəqibi olan Mercedes-AMG C 63 S modelindən bir qədər geridə qalır. Lakin, bu artıq problem deyildir.

Kemptendə yerləşən Abt Sportsline tüninq atelyesi Audi RS4 modelinin iki turbokompressorlu 2,9-litrlik altı silindrli mühərrikinin gücünü 60 at qüvvəsi və fırlanma anını isə 80 Nmartırmağı təklif edir. Atelye mütəxəssisləri tərəfindən hazırlanmış mühərrikin idarəetmə bloku altı silindrli turboaqreqatın gücünü 510 at qüvvəsinə, fırlanma anını isə 680 Nm qədər artırır.

Əslində bu təkmilləşdirmə sizə ciddi gəlməyə bilər, amma xatırlayaq ki, Mercedes-AMG C63 S modeli 510 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən iki turbokompressorlu 4,0-litrlik səkkiz silindrli mühərrik ilə hərəkətə gəlir. Mercedes-AMG C63 S modeli 100 km/saat həddinə 4,1 saniyəyə sürətlənir. Standart RS4 universalı da analoji göstəriciyə sahibdir. Bu o deməkdir ki, ABT mütəxəssislərinin təkmilləşdirdiyi universal daha yeyin olacaqdır.

Əlbəttə ki, Mercedes mühərrikinin iş həcmini və silindr sayını nəzərə alsaq, Abt mütəxəssislərinin ciddi irəliləyişə nail olduqlarını söyləmək gərəkdir. 

Buna baxmayaraq, Kemptenli tünerlər yalnız mühərrikin təkmilləşdirilməsi ilə işlərini məhdudlaşdırmaq fikrində deyildirlər. Onlar “bərkgedən” universalı yeni asqı və idman stabilizatorları ilə təchiz etməyi təklif edirlər. Əlavə olaraq, Audi RS4 modeli xüsusi dizayna malik olan 20-düymlük  təkər disklərini də əldə edib.

Beləliklə, mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda ABT Sportsline şirkəti ən azından iki möhtəşəm avtomobili RS5-R kupesini və RS4 universalını nümayiş etdirəcəkdir. Lakin, şirkətin rəhbəri Hans-Yurgen Abt Kempten markasının pərəstişkarlarını Cenevrədə “kiçik bir sürprizin” gözlədiyini də söyləyib. 

Image alt Image alt Image alt Image alt