Yaponiyanın Honda şirkətinə məxsus olan Acura markası yeni yarış avtomobilini - ARX-06 sportprototipini nümayiş etdirib. Modelin ictimai debütü bu gün Kaliforniyada keçirilən Monterey Car Week tədbiri çərçivəsində baş tutacaqdır.

Avtomobilin güc qurğusu ikiqat turboüfürməsi olan yeni 2,4 litrlik V6 Acura AR24e aqreqatından və elektrik mühərrikindən ibarətdir. Hibrid qurğunun ümumi gücü 680 at qüvvəsidir, daxili yanma mühərriki isə, 10.000 dövr/dəqiqəyə qədər sürətlənmə qabiliyyətinə malikdir. Yanma kamerasının quruluşu, o cümlədən aşağı karbonlu yanacaqlarla da işləməyə imkan verir.

IMSA çempionatının GTP sinifinin qaydaları güc qurğusunda Bosch elektrik mühərrik - generatorunun və Williams Advanced Engineering mühəndislik firmasının batareya blokunun istifadəsini tələb edir.

Acura komandasının qarşısında duran vəzifə isə, daxili yanma mühərrikinin hibrid üstqurumu ilə adekvat işləməsini təmin edəcək proqram təminatının yaradılması olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan əlavə, qaydalara əsasən, avtomobil istehsalçıları təsdiqlənmiş dörd şassidən birini seçməlidirlər, lakin bununla belə, önlar öz brendlərinin dizaynına uyğun olan kuzovu quraşdıra bilərlər.

ARX-06 sportprototipində ORECA şirkətinin karbon monokokundan istifadə olunub. Bu şirkət əvvəllər də Acura ilə ARX-05 DPi prototipi üzərində işləyib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.