Acura markası yeni nəsil TLX sedanının tizerini dərc edərək, yeni modelin təqdimat tarixini açıqlayıb. Modelin onlayn təqdimatı 28 may tarixində keçiriləcəkdir. Adi sedanla birlikdə, onun 3,0-litrlik V6 turbomühərriki ilə təchiz edilmiş “bərkgedən” TLX Type S modifikasiyası da təqdim ediləcəkdir.

Yeni Acura TLX modelinin dizaynı markanın ənənəvi Precision Crafted Performance korporativ üslubundadır. Seriya modelinin hazırlanması zamanı dizaynerlər 2019-cu ildə nümayiş edilən Type S konseptinə diqqət yetiriblər. Tizerdən göründüyü kimi, dizayn cəhətdən seriya modeli ilə konsept  çox oxşar olacaqdırlar.

Bu isə, növbəti nəsil Acura TLX sedanının yeni nəsil dördseqmentli Jewel Eye LED fənərləri,  iri toru olan radiator barmaqlığı, şikana formasında tərtibata malik olan gündüz hərəkət işıqları və arxa fənərlər ilə təchiz ediləcəyi deməkdir. Bunu, bir müddət bundan öncə multimedia kompleksinin proqram tərtibatında aşkar edilən görüntülər də təsdiqləyir.

Acura Type S konsepti

Eyni zamanda, Acura şirkətindən TLX sedanının yeni 3,0-litrlik V6 turbomühərriki və SH-AWD tam ötürmə sistemi ilə təchiz edilmiş TLX Type S versiyasında buraxılacağını da bildiriblər.Yeni “bərkgedən” sedan 2007-2008-ci illərdə istehsal olunmuş Acura TL Type S modelinin birbaşa varisi olmalıdır.  

Xatırladaq ki, Acura TL Type S sedanı 290 at qüvvəsi hasil edən 3.5-litrlik V6 mühərriki, 6-pilləli mexaniki qutu, idman asqısı, dörd çıxış borusu olan səsboğucu sistem, yüksək sürtünməli differensial və Brembo əyləcləri ilə təchiz edilirdi.

dördseqmentli Jewel Eye LED fənərləri

Acura TLX modelinin cari nəsli 294  at qüvvəsi və 362 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki,   209 at qüvvəsi və 247 Nm fırlanma anına malik olan 2,4-litrlik dördsilindrli aqreqat ilə təklif edilir. 2,4-litrlik mühərrikə malik olan modifikasiya tam idarələnən P-AWS şassisi və 8-pilləli DCT "robotu", daha güclü versiya isə, tam ötürmə sistemi və 9-pilləli “avtomat” ilə təchiz edilir.

Sedanın Amerika Birləşmiş Ştatlarındakı satış qiyməti 33 min dollardan (55 min manat) başlayır.