2019-cu ilin 20 mart tarixində Türk Havacılık ve Uzay Sanayii A.Ş. (TUSAŞ) şirkəti YFYK (Yüksek Faydalı Yük Kapasitesi) proqramı çərçivəsində yaradılmış orta yüksəklikli SİHA-sının ilk uçuşunu həyata keçirib. Bu SİHA Aksungur adlanır.

TUSAŞ şirkəti müxtəlif seqmentə aid olan insansız hava aparatlarının yaradılması ilə məşğul olur. SİHA-ların yaradılmasına təkan verən əsas səbəb, ABŞ Konqressi tərəfindən Türkiyəyə MQ-1 Predator və MQ-9 Reaper İHA-larının satılmasına qoyulan qadağa olub. İmtinanın səbəbi də məlum idi - türk hərbiçiləri aparatlardan ölkənin cənubi-şərqində PKK terrorçularına qarşı istifadə edəcəklərini bildirmişdirlər.

TUSAŞ Aksungur və ya ANKA-Aksungur, ANKA-2 kimi tanınan SİHA ikitirli sxemə malikdir. Yeni dron 2018-ci ildə TSK-nin silahlandırılmasına qəbul edilmiş ANKA-S modelinin yaxşılaşdırılmış versiyasıdır. SİHA iki ədəd PD-170 Dual Turbo Diesel dizel mühərriki ilə təchiz edilir. Mühərrik, TAI konserninin tərkibinə daxil olan TEI şirkəti tərəfindən yaradılmışdır.

SİHA 12 metr uzunluğa və 3 metr hündürlüyə malikdir. Yüksək quraşdırılmış qanadlar yüngül bir dihedral bucağa və 24 metrlik uzunluğa malikdirlər. SİHA-nın gövdə mərkəzi qanadların altındadır. Avionika, kamera və sensor sistemləri burun hissəsindədir. Yanacaq korpus daxilindəki çənlərdə saxlanılır. Hər qanadın altında bir ədəd turbo mühərrik yerləşdirilib. 3 ayaqlı enmə qurğusu uçuş zamanı mühərrik bölməsinə və SİHA-nın burnundakı bölməyə yığışdırılır.

SİHA TUSAŞ Motor Sanayii A.Ş. tərəfindən yaradılmış üç pərvanəli pərlə təchiz olunan iki ədəd PD-170 dizel mühərrikləri ilə təchiz edilir. İstehsalçının verdiyi məlumata görə, bu mühərriklər Aksungur’un 180 km/saat maksimal sürətlə u,mas;na və 750 kiloqramlıq yüklə 7.600 metrə və ya 150 kiloqramlıq yüklə 11.000 metr yüksəkliyə qalxmasına imkan verir.

SİHA-nın maksimal yükü sələfindən 375% yüksəkdir, ən yüksək uçuş kütləsi isə 3300 kiloqramdır. Aksungur hücum və ya dənizdəki missiyalar zamanı 12 saat, kəşfiyyat missiyaları zamanı isə 24 saat havada qalmaq qabiliyyətinə malikdir.

Aksungur'un uzaqdan idarə olunması, DO-178B proqram təminatına və ikiqat şifrəli rəqəmsal məlumat bağlantısına malik DO-254 yerüstü idarəetmə stansiyası tərəfindən həyata keçirilir. SİHA istəyə bağlı olaraq, rabitə peyki vasitəsi ilə birbaşa müşahidə zonasından kənarda da əməliyyatlar həyata keçirə bilər.

2019-cu ildə TAI F-4 və F-16 qırıcı təyyarələrinə məxsus olan silah sistemlərini Aksungur SİHA-sına inteqrasiya etməklə məşğul olub. Sursat və ya digər xarici yükləri yerləşdirmək üçün hər qanadın altında üç asqı mövcuddur. Bu asqılar 150, 300 və 500 kiloqram ağırlığında yük daşımaq üçün nəzərdə tutulur. Aksungur, TEBER-81 (lazerlə idarə olunan MK-81) və TEBER-82 (lazerlə idarə olunan MK-82) aviabombaları, tank əleyhinə L-UMTAS kompleksi, MAM-L, MAM-C, Cirit, HGK-3, KGK-82 və digər sursatlar ilə təchiz oluna bilər.

Lakin TUSAŞ bununla kifayətlənmək fikrində deyil. Artıq şirkəti reaktiv mühərriklə təchiz ediləcək Göksungur SİHA-sının üzərində çalışmalara başlayıb.

Xüsusiyyətləri

  • Uzunluğu: 12.0 m
  • Qanad uzunluğu: 24.0 m
  • Yüksəklik: 3.0 m
  • Kütləsi: 1800 kq
  • Maksimum qalxış kütləsi: 3300 kq
  • Faydalı yük: 750 kq
  • Güc qurğusu: 2× TEI PD170 turbodizel mühərriki, hər biri 170 - 220 a.q. 

Uçuş Göstəriciləri

  • Maksimal sürəti: 250 km/saat
  • Məsafəsi: 6.500 km
  • Maksimal uçuş yüksəkliyi: 12.192 m

Silahları

  • TEBER -81 (lazerlə idarə olunan MK-81)
  • TEBER-82 (lazerlə idarə olunan MK-82)
  • L-UMTAS
  • MAM-L
  • MAM-C
  • Cirit
  • HGK-3
  • KGK-82 (Qanadlı izləmə kiti)