Aston Martin şirkəti AMR indeksini alması gözlənilən Vantage kupesinin yeni versiyasını təqdim edəcəyini bildirib. İlkin məlumata görə, Vantage AMR modeli standart superkardan idman kuzov dəsti və gücləndirilmiş mühərriki ilə fərqlənəcəkdir.

Yeni kupenin tizeri Britaniya markasının rəsmi Twitter səhifəsində peyda olub. Aston Martin şirkəti yeni modelin debüt tarixdən başqa heç bir məlumat verməyib. Çox güman ki, təkmilləşdirmələr Vantage modelinin mülki versiyası üzərində aparılıb: superkar yeni kuzov dəstini və Mercedes-AMG tərəfindən istehsal edilən 4,0-litrlik V8 biturbo mühərrikinin daha güclü versiyasını əldə edib.

Aston Martin Vantage modelinin AMR versiyası 2019-cu ildə 200 nüsxəlik məhdud sayla tirajla buraxılmışdı. AMR versiyası səkkiz pilləli avtomatik transmissiya ilə yanaşı, opsional mexaniki transmissiya ilə təchiz edilirdi. Vantage AMR modeli 510 at qüvvəsi hasil edən 4,0-litrlik V8 mühərriki ilə hərəkətə gəlirdi.

Bir müddət bundan əvvəl, Aston Martin şirkəti Formula 1 çempionatının 23 mərhələsinin 12-də təhlükəsizlik avtomobili kimi çıxış edəcək Vantage kupesini təqdim etmişdi.