Aston Martin şirkətinin ilk krossover diler salonlarında peyda olmamış, Britaniya istehsalçısı krossover xəttini genişlətmək planlarının olduğunu açıqlayıb. İstehsalçı DBX modelinin platformasında inşa ediləcək bir neçə modifikasiyasını hazırlamaq niyyətindədir. Ruslar demişkən, iştah yemək zamanı açılır.

Aston Martin şirkətinin İcraçı vitse-prezidenti və Baş dizayneri Marek Rayxmanın GoAuto nəşrinə verdiyi müsahibədə, şirkətin bir krossoverlə kifayətlənməyəcəyini söyləyib - britaniyalılar DBX ailəsini tədricən genişləndirməyi planlaşdırırlar. Avtomobilin bir neçə yeni modifikasiyası eyni platformada inşa ediləcək və bunlar arasında, çox güman ki, kupeşəkilli və yeddi yerli versiyalar da olacaqdır. Kupeşəkilli versiya Mercedes-AMG GLE Coupe, BMW X6 M və Porsche Cayenne Coupe, üç oturacaq sırasına malik olan modifikasiya isə, Mercedes-AMG GLS və BMW X7 ilə rəqabət aparacaqdır.

Rayxman, Aston Martin şirkətinin prinsipial səbəblərə görə platformanın quruluşunu və ölçülərini dəyişdirmək niyyətində olmadığını, buna görə də, britaniya markasının model xəttində daha yığcam krossoverin olmayacağını qeyd edib. Aston Martin şirkətinin hesablamalarına görə,  DBX krossoverinin standart versiyası markanın illik qlobal satışını təxminən dörd min avtomobilə qədər artırmalıdır. Xatırladaq ki, 2019-cu il şirkət üçün o qədər də uğurlu olmayıb. İstehsalçı ili 104 milyon funt sterlinqdən çox zərərlə başa vurub.