Audi şirkətinin ABŞ nümayəndəliyi bəyanatla çıxış edərək e-tron krossoverlərini geri çağırdığını bildirib. İnqolştadt təmsilçisinin bayraqdar krossoveri rütubətin elektrik hissəsinə düşməsi səbəbi ilə alışa bilər. 1644 ədəd risk zonasında olan elıektrokardan 540 ədədi artıq müştərilərə çatdırılıbdır.

Defektli tıxaclardan biri vasitəsi ilə yüksək voltajlı porta düşən rütubət qısa qapanmaya səbəb olur və kritik nasazlığa yol aça bilər. Əlbəttə ki, söhbət alışmadan gedir. Geriçağırma kampaniyası avqust ayından başlayır.

Audi şirkətinin mətbuat katibi Mark Dankenin Automotive News nəşrinə verdiyi müsahibədə rütubətin vericilər tərəfindən aşkar edildiyi bildirilib. Cihazlar panelində yanan sarı indikator elektrokar sahibini təhlükə barədə xəbərdar edir. İndikatorun yandığı halda elektrokar dərhal açıq meydançada park edilməli və batareyanı doldurmaqdan imtina olunmalıdır. Avtomobil sahiblərindən elektrokarı servis mərkəzinə təxliyyə etmək üçün Audi şirkətinin dəstək xidmətinə müraciət yönləndirmələri tələb olunur. 

Dankenin sözlərinə görə, dekabr ayından bu günə qədər Avropada beş belə hal qeydə alınsa da, alışmalar olmayıb. Odur ki, elektrokar sahibləri rahatlıqla ondan istifadə edə və avqust ayında servisə yollana bilərlər. Elektrokardan istifadə etməkdə tərəddüd edənlər daxili yanacaq mühərriki olan əvəzləyici avtomobil və 800 dollarlıq yanacaq kartı ilə təmin ediləcəkdirlər.