Möhtəşəm Audi Skysphere konsepti avqust ayında Pebbl-Biçdə keçirilən Zəriflik müsabiqəsində hər kəsi heyrətləndirməyi bacarmışdı. “Sferik” konseptlər üçlüyünün ilk nümayəndəsi ikiyerli şalona, tam elektrik transmissiyasına və dördüncü səviyyəli avtonomluğa malik idi. Bu gün alman istehsalçısı “sferik” üçlüyün ikinci nümayəndəsini Audi Grandsphere konseptini nümayiş etdirib.

Ümumilikdə, Grandsphere modeli açıq kuzovlu qardaşına çox bənzəyir. Skysphere konsepti kimi, Grandsphere də Audi brendinin gələcək elektromobilliyinin inkişaf istiqamətini təqdim edir.  Açıq variantlı konsept kimi, bağlı kuzova malik olan Grandsphere konsepti tam elektrik transmissiyasına, ultramüasir salona və dördüncü səviyyəli avtonom idarəetmə sisteminə malikdir.

Stlistik olaraq, Audi nümayəndələri Grandsphere konseptini “səfərlər üçün şəxsi təyyarə” adlandırırlar. Konseptin axıntılı formaları həqiqətən də təyyarə siluetinə bənzəyir. Audi Grandsphere modelinin uzunluğu 5.350 millimetr, eni - 2.000 millimetr, hündürlüyü - 1.390 millimetr, təkər bazası isə, 3.190 millimetrdir. Dizaynerlərin bildirdiyinə görə, Grandsphere Audi model xəttində “ən qiymətli” təklif kimi görünməlidir.

Konseptin üzərindəki yeganə tanış element Singleframe firma radiator barmaqlığıdır - qalan hissənin dizaynı isə tamamilə unikaldır. Ultranazik ön fənərlər radiator barmaqlığının kənarlarında yerləşir, kapot və ön kuzov çıxışı qısadır, sanballı yan tərəf isə, nazik işıq texnikası və qırmızı rəngdə işıqlanan Audi loqotipi olan fastbək üslubundakı arxa hissəyə keçir.

Grandsphere modelinin salonu heç bir Audi modelinə bənzəmir. Yeganə istisna Skysphere konseptidir. Taybatay açılan qapılar sizə xarici işıqlandırma displeyi olan ultramüsir salona daxil olmaq şansı verir. Sürücü və sərnişin oturacaqları təyin edilmiş rejimə uyğun olaraq avtomatik şəkildə tənizmlənir, salon isə arzu olunan temperatura qədər soyudulur və ya qızdırılır.

Grandsphere konseptinin interyer tərtibatında yüksək keyfiyyətli materiallardan - ağac, yun, alüminium və şüşədən istifadə olunur. Burada ənənəvi ekranlar yoxdur - MMI əyləncə-məlumat sisteminin tam ölçülü displeyi ön panelin ağacla örtülmüş səthinə proyeksiya olunur.

Dördüncü səviyyəli avtonom rejimdə sükan çarxı və pedallar kuzovun daxilinə yığışdırılaraq, sürücüyə olan ehtiyacı tamamilə aradan qaldırır. Bu, sərnişinlərə sərbəst şəkildə mərkəzi konsoldakı iki stəkanı olan soyuducudan və içkilər üçün xüsusi olaraq hazırlanmış şüşədən istifadə etməyə imkan verir. 

Audi Grandsphere konsepti PPE (Premium Platform Electric) platformasına əsaslanır. Bu platformada A6 E-Tron, Q6 və Porsche Macan EV modelləri də inşa ediləcəklər. Batareya modulunun tutumu 120 kilovat-saatdır. İki elektrik mühərrikindən (hər oxda biri) ibarət olan güc qurğusunun ümumi hasilatı 710 at qüvvəsi və 950 Nm fırlanma anıdır. Grandsphere sedanı 100 km/saat həddinə dörd saniyəyə sürətlənir.

Audi şirkətindən bildirildiyinə görə, Grandsphere modeli dolu batareya ilə 750 kilometr (WLTP) məsafə qət edəcəkdir. 270 kilovatlıq terminaldan istifadə etməklə, 10 dəqiqə ərzində 300 kilometrlik yürüş ehtiyatını bərpa etmək mümkündür. Batareyanın 5 faizdən 80 faizinə qədər doldurulmasına isə, cəmi 25 dəqiqə tələb olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tam idarələnən şassi və adaptiv pnevmatik asqı sistemi Grandsphere modelinin standart təchizatına daxildir. Sonuncu sistem kuzovun tanqaj və yana əyilmələrinə nəzarət etmək üçün, millisaniyə ərzində tənizmləmələri həyata keçirir. Ön kamera isə, asqı sisteminə öndəki şəraitə əvvəlcədən uyğunlaşmağa yardım edir.

Audi Grandsphere modeli sadəcə konseptdir. İdman Skysphere konsepti kimi Grandsphere də, Audi markasının gələcək elektromobillərinin müjdəçisidir. Ümid edək ki, hər iki avtomobil seriya istehsalına doğru gedən yolda inamla irəliləyəcəklər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.