Elektrifikasiya Audi Q3 ailəsinə də gəlib-çatıb - yığcam krossover təkrar doldurulan hibrid güc qurğusuna sahib olub. Audi Q3 45 TFSI e versiyası həm standart, həm də kupeşəkilli kuzovla təklif olunur. Texniki cəhətdən belə krossoverlər MQB platformasında inşa edilən digər hibridlərlə unifikasiya edilib.

Yeni Audi Q3 45 TFSI e modeli 150 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1.4 TSI benzin turbomühərriki və altı pilləli S tronic "robota" inteqrasiya edilmiş 116 at qüvvəsi və 330 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə təchiz edilir. Hibrid sistemin ümumi hasilatı 245 at qüvvəsi və 400 Nm-dir. Ötürmə - yalnız ön oxadır. Hibrid krossover 100 km/saat həddini 7,3 saniyəyə toplayır və 209 km/saatlıq maksimal sürət həddinə malikdir. Elektrik rejimində krrossover 140 km/saata qədər sürətlənə bilər.

Arxa divanın altına quraşdırılmış 13 kilovat-saatlı dartma batareyası maye ilə soyudulur. Müvafiq elektrik avadanlıqları isə yük bölməsinin altında yerləşir ki, bu bölmənin həcmini 530-dan 380 litrə qədər azaldıb. WLTP dövrünə əsasən, elektrik ötürməsi ilə qət edilən məsafə 50 kilometrdir. Güc qurğusu bir neçə rejimdə işləyə bilər: məsələn, batareyanın enerjisini qorumaq (şəhərin "yaşıl zonasına" girməzdən əvvəl) və ya rekuperasiyadan istifadə edərək batareyanı hərəkət zamanı doldurmaq olar.

Qalan cəhətdən Audi Q3 45 TFSI e modeli praktik olaraq digər mühərriklərlə təchiz edilmiş versiyalardan heç nə ilə fərqlənmir. Hibrid modifikasiyanı ön qanaddakı yükləmə portunun qapağı sayəsində tanımaq olar. Bundan başqa, virtual cihazlar panelində taxometr əvəzinə, batareyanın enerji səviyyəsini, yürüş ehtiyatını və hibrid sistemin seçilmiş iş rejimini göstərən enerji mübadiləsi göstəricisi peyda olub.

Avropa bazarında hibrid Audi Q3 satışlarına gələn ilin yaz aylarında başlanacaqdır, Hibrid krossoverin qiymətləri açıqlanmayıb.