Audi şirkətinin yeni flaqman modeli olan A8 sedanı hal-hazırda dünyada texniki cəhətdən ən mütərəqqi texnologiyalarla təchiz edilmiş avtomobillərdən biridir. Buna baxmayaraq, İnqolştat təmsilçisi Mercedes-Benz S-Class Coupe və gələcək BMW 8-Series modelləri kimi kupe kuzovu ilə təklif edilmir.

Lakin, bu vəziyyət dəyişə bilər – çünki Audi markasının şef-dizayneri “dörd üzük” emblemini daşıyan dəbdəbəli kupe görmək arzusundadır. Autocar nəşrinə verdiyi müsahibəsində Mark Lixte özünün kupe avtomobillərinin aşiqi olduğunu bildirib.

O, eyni zamanda, belə avtomobillərə olan tələbatın cüzi olduğunu da etiraf edib: “Mənim ikiqapılı kupelərin formalarından xoşum gəlir, laikn qeyd etmək gərəkdir ki, belə avtomobillərin satış həcmi dördqapılı sedanlarla müqayisədə çox azdır. Buna baxmayaraq bizim bu istiqamətdə çoxlu ideyalarımız var”. 

Audi şirkətinin R8 modelinin istehsalını dayandıracağı haqqında şayiələrə inansaq, dəbdəbəli kupenin buraxılması İnqolştat markası üçün xüsusi əhəmiyyət kəsb edə bilər. 

Hətta belə bir qərar qəbul edilərsə, yeni modelin 2020-ci ildən tez işıq üzü görəcəyi mümkün deyildir. Bunun əsas səbəbi Audi şirkətinin istehsal planı ilə bağlıdır. Alman istehsalçısı əsas diqqətini digər modellərin buraxılması üzərində cəmləmişdir ki, bunlara misal olaraq yeni Audi A6, A1 hetçbekini və Q3 krossoverini göstərmək olar. Üstəlik, İnqolştat istehsalçısı kupe avtomobillərindən daha çox sedan və krossoverlərin buraxılmasına üstünlük verir.

Lakin, 2014-cü ildə nümayiş etdirilmiş Prologue konsepti bizə belə bir kupenin buraxılacağı ümidini verir