Volkswagen və Audi şirkətləri müvəqqəti olarq dəyişdirdikləri loqotiplərini nümayiş etdirən videoçarxları yayıblar. Çarxlarda Audi halqaları müxtəlif istiqamətlərdə «aralanırlar», Volkswagen emblemindəki V və W hərfləri arasındakı məsafə isə artırılır. Bu yolla, alman avtomobil istehsalçıları insanları koronavirusa yoluxmamaq üçün bir-biri ilə ara məsafəsini saxlamağa çağırırlar.

Koronavirus pandemiyası avtomobil sənayesinə ciddi zərbə vurub. Dünya üzrə avtomobil satışları çöküb, bir çox şirkət isə istehsalı dayandırmaq məcburiyyətində qalıb. Avtomobil istehsalçıları Çində peyda olmuş virusa qarşı mübarizəyə öz töhfələrini də verirlər: onlar öz binalarını müvəqqəti xəstəxanalara çevirir, koronavirusla mübarizəyə milyonlar ayırır və gərək olan tibb avadanlığının istehsalına kömək edirlər.

Audi və Volkswagen şirkətləri isə, öz növbəsində, insanları sosial məsuliyyətə çağırmağın yeni üsulunu nümayiş etdiriblər. Onlar müvəqqəti olaraq emblemləri dəyişdirərək, «məsafəni qoru» çağırışı ilə sosial şəbəkələrdə yeni loqotiplərini nümayiş etdiriblər. Məlum olduğu kimi, iki metrlik ara məsafəsi koronavirusa yoluxmaqdan qoruya bilər.

COVID-19 adlandırılmış virus keçən il dekabr ayının sonlarında Çinin Hubei əyalətinin Uhan şəhərində peyda olub. Cəmi iki aydan sonra xəstəlik bütün dünyaya yayılıb. 25 mart tarixinə dünya üzrə 422 min yoluxma hadisəsi qeydə alınıb, 18,9 min insan isə bu xəstəliyin qurbanı olub.