Jeep Wrangler modelinin əsasında inşa edilmiş çılğın Tank ofrouderi və Chevrolet Corvette modelinə əsaslanan ekstravaqant Beast superkarı ilə məşhur olan Rezvani şirkəti yeni layihəsini açıqlayıb. Bu, zirehli kuzovu olan Rezvani Arsenal ofrouderidir. Amma güllə və partlayışlardan müdafiəsi olmayan daha əlçatan variant da nəzərdə tutulub.

Amerikalılar, həmişə olduğu kimi, yeni məhsulu "hazırda bazarda mövcud olan ən qabaqcıl zireh texnologiyası" ilə təchiz ediləcək "ən qabaqcıl zirehli lüks avtomobil" kimi səciyyələndirirlər.  Rezvani şirkəti Arsenal modelində ənənəvi ballistik polad əvəzinə yüngüllük və B6 qoruma səviyyəsini özündə birləşdirən “innovativ kompozit materialdan” istifadə etməyi planlaşdırdığını bildirib.

Tizerlərdən göründüyü kimi, ofrouder brendin digər modelləri kimi, şokedici görünüşə malik olacaq. Eyni zamanda, zirehli avtomobilin yaradıcıları onun digər oxşar layihələrdən daha zərif olacağını, habelə zahiri cəhətdən özünün zirehli mahiyyətini büruzə verməyəcəyini vəd edirlər.

Lakin tizerlərdən heç də belə görünmür. Texniki xüsusiyyətlərdən məlum olan – Arsenal ofrouderinin kapotunun altında 420 at qüvvəli V8 benzin mühərrikinin duracağıdır.

Bu isə, yeni Rezvani ofrouderinin Cadillac Escalade, Chevrolet Tahoe və ya GMC Yukon əsasında hazırlanacağına işarə edir, çünki onların hamısı göstərilən gücə malik olan 6,2-litrlik V8 mühərriki ilə təklif edilirlər. Gələcəkdə Arsenal modelinin 675 at qüvvəli mühərrik ilə hərəkətə gələn daha güclü versiyası da peyda olacaq.

Rezvani Arsenal ofrouderinin qiyməti 225 min dollardan başlayacaq, onun zirehli versiyası isə, daha bahalı olacaq. Şirkət artıq ilkin sifarişləri qəbul edir – avtomobillərin müştərilərə çatdırılmasına 2024-cü ilin yayında başlanması planlaşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.