Aston Martin şirkəti dünyanın ən güclü lüks krossoveri adlandırdığı DBX707 modelinin ilk nüsxəsini istehsal edib. Krossoverinin ilk nüsxəsi, Cənubi Uelsin Sent-Atan şəhərində inşa edilmiş və Aston Martin DBX modelinin seriya istehsalını həyata keçirmək üçün nəzərdə tutulmuş zavodda yığılıb. 707 at qüvvəli mühərrikə malik olan krossoverin ilk nüsxəsi artıq sahibinə təhvil verilməyə hazırdır. Onun ardınca buraxılacaq DBX707 modelinin əmtəə versiyaları dünyanın 50-dən çox ölkəsinə ixrac ediləcəkdir.

Aston Martin DBX707 modelinin istehsalı bir qədər gecikib. O, cari ilin fevralında təqdim edilib və plana əsasən, “bərkgedən” modifikasiyanın istehsalına cari ilin birinci rübünün sonuna qədər başlanmalı idi. Aston Martin DBX707 modelinin üzərində işləmək üçün xüsusi olaraq 100 nəfər əlavə əməkdaş işə götürüb.

Aston Martin şirkətinin krossover seqmentinə daxil olduğuna və DBX modelinin yaxşı satışlarına nail olmasına baxmayaraq, istehsalçı ən çətin günlərini yaşayır. Onun xalis borcu bir milyard funt-sterlinqə yaxınlaşıb və birinci rübqn nəticələrinə görə 956,8 milyon funt-sterlinq olub.

Eyni zamanda, Aston Martin gələcək üçün iddialı planlar qurur və profilini tamamilə dəyişməyə hazırlaşır: 2025-ci ilə qədər şirkət ilk elektrik avtomobilini buraxmaq, 2030-cu ilə qədər isə bütün modellərini elektrikləşdirmək istəyir.