Bu gün Aston Martin şirkəti nəhayət ki, Valkyrie hiperkarının mühərriki barədə rəsmi olaraq məlumat verib. Beləliklə, Aston Martin Valkyrie 1014 at qüvvəsi hasil edən 6,5-litrlik V12 atmosfer mühərriki ilə təchiz ediləcəkdir.

Cosworth şirkəti ilə birlikdə hazırlanmış mühərrik 11100 dövr/dəqiqəyə kimi sürətlənir. Mühərrikin hər litrinə düşən at qüvvəsi isə 153,8 at qüvvəsinə bərabərdir. Bunlar heyranedici rəqəmlər olsa da, güc aqreqatının fırlanma anının göstəricisi bir qədər təəccübləndirir – 740 Nm.

Çəkisi 206 kiloqram olan mühərrikin bir sıra detalları bütöv parçadan hazırlanıb. Buraya F1 bolidlərinin mühərrikində olduğu kimi titandan hazırlanmış şatun və porşenlər də daxildir.

Aston Marton uzunluğu 775 millimetr və diametri 170 millimetr bütöv metaldan yonulmuş dirsəkli val ilə xüsusi olaraq fəxr edir. Dəzgahda emaldan sonra başlanğıc parçanın 80 faizi yonulmuş, alınan detal isə Aston Martin One-77 modelinin V12 aqreqatındakı detaldan 50% yüngül alınmışdır.

Əlbəttə ki, bu Valkyrie modelinin güc qurğusunun tam göstəriciləri deyildir. Bildiyimiz kimi, atmosfer mühərriki hibrid sistemə də malik olacaqdır. Aston Martin hibrid qurğunun xarakteristikalarını sirr olaraq saxlasa da, güc aqreqatının 1130 at qüvvəsinə malik olacağı ehtimal edilir.