BMW şirkəti model çeşidini sadələşdirəcək və populyar olmayan avadanlıqları opsiyalar siyahısından çıxaracaqdır. Bu, alman markasına, elektromobillərin yaradılmasına çəkiləcək xərclərin əvəzlənməsi üçün, məqbul gəlirlilik səviyyəsinə çıxmağa imkan verəcəkdir.

Reuters agentliyinə müsahibə verən BMW şirkətinin baş maliyyə direktoru Nikolas Peterin bildirdiyinə görə, elektrokarlara keçidin maliyyə baxımından şirkət üçün ağrılı olduğunu nəzərə alaraq, xərclərin azaldılması və mənfəətin artırılması üçün yeni yolların axtarılmasına ehtiyac var. Bu, qısamüddətli perspektivdə belə görünür: güc aqreqatlarının və opsiyaların sayı azaldılacaq, habelə elə də populyar olmayan funksiyalardan imtina ediləcəkdir.

Bundan əlavə, BMW şirkəti proqram təminatının tətbiq edilməsinə olan yanaşmanı yenidən nəzərdən keçirməyi planlaşdırır. Birincisi, bu hal avtomobillərin yaradılmasını sadələşdirə və daha səmərəli edə, ikincisi, BMW üçün ən böyük satış bazarlarından biri olan Çindəki müştərilərin ehtiyaclarını təmin edə bilər. Çində aparılan sorğulara görə, avtomobil sahiblərinin üçdə ikisi daha maraqlı "qarşılıqlı rəqəmsal təcrübə" təklif edən digər markanın avtomobillərinə keçməyə hazırdır. Bu təcrübə genişlənmiş şəbəkə imkanları, fərdiləşdirmə və unikal xidmətlər kimi başa düşülməlidir.

Yeni strategiyaya əsasən, 2021-ci ildən 2023-cü ilə qədər BMW şirkəti planlaşdırıldığından 250 min daha çox elektrokar istehsal edəcəkdir.  Üstəlik, elektromoibillərinşirkətin ümumi satış həcmindəki payı hazırda olduğu kimi səkkiz deyil, iyirmi faiz olacaqdır. Önümüzdəki on ildə BMW şirkəti, MINI markası da daxil olmaqla, doqquz yeni elektromobil təqdim edəcəkdir.