Ikiqapılı universal və yaxud başqa dillə desək Shooting Brake tipli kuzov bir çox sportkarlar üçün ideal kuzov ola bilər. Məsələn, elə götürək Jaguar F-Type kupesini…

Hazırda belə növ kuzovla buraxılan avtomobilləri barmaqla saymaq olar. Doğrudur, “şutinq-breyk” kimi səciyyələndirilən Mercedes-Benz CLA Shooting Brake və Kia ProCeed modellərini nümaunə gətirə bilərsiniz, lakin bu avtomobillər adi universaldan başqa bir şey deyildirlər. Əsl “şutinq-breykin” ən gözəl nümunəsi olaraq məşhur Zagato atelyesi tərəfindən hazırlanmış Aston Martin Zagato Shooting Brake modelini göstərmək olar. 99 nüsxədə istehsal ediləcək unikal superkara baxdıqca baxmaq istəyirsən.

Bu gün Motor1 saytı dizayner Rayn Praysk tərəfindən hazırlanmış shooting brake kuzovlu Jaguar F-Type modelinin təsvirini dərc edib. Dizayner F-Type R modelini götürərək onu virtual olaraq universala çevirib. Əlbəttə, Jaguar şirkətinin belə bir avtomobili istehsal etməsi şansları sıfıra bərabərdir. Buna baxmayaraq, pullu oğlanlar üçün bu maneə deyildir. Müvafiq məbləğ qarşılığında belə bir gözəl avtomobilə sahib olmaq mümkündür. Əsas istək olsun...