Avropada «İlin avtomobili» müsabiqəsinin səsverməsinin nəticələri münsiflər heyətinin təəccübünə səbəb olub. İş ondadır ki, Alpine A110 kupesi ilə Jaguar i-Pace elektrik krossoveri bərabər xal (250) toplayıblar. Bu hal müsabuqənin tarixində ilk əfədir ki, baş verir.

Lakin, münsiflər heyətinin sədri Frenk Cennsen qalibin bir avtomobil olacağını bildirib və yenidən hesablama başlayıb. Bu dəfə bu avtomobillərdən hansının ən çox birincilik aldığı nəzərə alınıb. Nəticədə qələbə Jaguar i-Pace modelinə qismət olub. Qeyd etmək lazımdır ki, Jaguar markası bu mükafata ilk dəfədir ki, layiq görülüb.

Baş mükafat uğrunda mübarizədə A110 və i-Pace ilə Kia Ceed (247 xal), Ford Focus, Mercedes-Benz A-Class, Citroen C5 Aircross və Peugeot 508 modelləri iştirak edirdilər. Maraqlıdır ki, oxucular arasında aparılmış sorğunun nəticələrinə görə də, Alpine A110 və Jaguar i-Pace liderlik edirdilər.

Müsabiqənin münsiflər heyəti 23 ölkəni təmsil edən 60 jurnalistdən ibarətdir. Müsabiqəyə hazırlıq mərhələsində onlar avtomobilləri test etməyə müvəffəq olublar. Testlər həmçinin Avropanın şimalında şaxtalı havada da keçirilib.