Kia şirkəti Ceed ailəsinə daxil olan modellərin mühərrik çeşidini benzin və “mülayim” hibridlər ilə genişlənidirib. Artıq modelləri 1.5 T-GDi Smartstream mühərriki ilə də sifariş etmək olar – bu aqreqat elektrik əlavəsi ilə də əlçatandır. Avropalı müştərilər yeni modifikasiyaları artıq sifariş edə bilərlər.

Avropada satılan Ceed ailəsi hetçbek, universal, ProCeed şutinq-breyki və XCeed krossoveri ilə təmsil olunur. 160 at qüvvəsi və 253 Nm fırlanma anı hasil edən, birbaşa yanacaq püskürdülməsinə malik olan 1.5 T-GDI Smartstream turbomühərriki GT-Line versiyası da daxil olmaqla, yuxarıda sayılan variantlar üçün əlçatan olub.

Bu mühərrik, həm benzin modifikasiyasında, həm də “mülayim” EcoDynamics + hibrid variantında təklif olunur. Bu aqreqat, modelin mühərrik  çeşidində köhnə 1,4-litrlik T-GDi aqreqatını əvəzləyəcəkdir. Güc qurğusu mexaniki bir transmissiya və ya iki muftalı yeddi pilləli 7DCT "robotu" ilə təchiz edilə bilər.

Bütün Ceed ailəsi üçün nəzərdə tutulmuş "mülayim hibrid" robotlaşdırılmış transmissiya ilə təchiz olunacaqdır. Kia XCeed modelini isə həm də "ağıllı" iMT mexaniki ötürmələr qutusu ilə də sifariş etmək mümkündür.

Mexanika transmissiya və 1,5 T-GDi mühərriki ilə təchiz olunmuş beşqapılı Ceed hetçbeki 100 km/saat həddinə 8,4 saniyəyə, “robot” ilə təchiz edilən variant isə 8.6 saniyəyə sürətlənir. Ceed Sportswagon və ProCeed modellərinin göstəricisi eynidir – 8,6 saniyə (mexaniki transmissiya) və ya 8.8 saniyə (7DCT “robotu”). Mexaniki ötürmələr qutusu və ya "robot" ilə təchiz edilmiş XCeed krossoveri bu işə müvafiq olaraq 9,0 və 9,2 saniyə sərf edir.

Bundan əlavə, Ceed hetçbeki və universalını artıq 120 at qüvvəsinə sahib 1,0-litrlik T-GDi mühərrikinin əsasında yaradılmış “mülayim” hibrid  güc qurğusu ilə sifariş etmək olar. Belə modifikasiyalar yalnız 7DCT “robotu” ilə təklif olunur. Ceed hetçbeki 100 km/saat həddinə 11,2 saniyəyə, Ceed Sportswagon universal isə 11,3 saniyəyə sürətlənir.

Kia Ceed modeli yuxarıda sadalanan qurğulardan başqa, satış bazardan asılı olaraq, yenilənmiş 120 at qüvvəli 1.0 T-GDi mühərriki ilə təchiz edilir. Eyni zamanda, hetçbek, sedan və krossoveri 136 at qüvvəli dizel mühərrikinə əsaslanan "mülayim hibrid" sistemlə də sifariş etmək olar. Ən güclü 204 at qüvvəli 1,6-litrlik mühərrik Ceed GT və ProCeed GT modellərində, bəzi ölkələrdə isə XCeed krossoverində də quraşdırılır.