Lamborghini şirkəti yeni bir tizeri dərc edərək naməlum avtomobili təqdim edəcəyini bildirib. Avtomobil 8 iyul, çərşənbə günü, Bakı vaxtı ilə 20:00-da nümayiş etdiriləcəkdir.

Söhbətin hansı modeldən getdiyi hələlik məlum deyil. İstehsalçı səssizliyini qorusa da, bununla bağlı müəyyən mülahizələrimiz var. Beləliklə, Lamborghini Huracan ailəsinin yenilənməsini bu yaxınlarda başa çatdırıb, buna görə də, 10-silindrli mühərrikə malik olan sportkarlar arasında növbəti yenilənməni gözləməyə dəyməz. Aventador SVJ kupesi və roadster də olduqca yenidir və çox güman ki, bu versiyalar yaxın zamanda 10 yaşı tamam olacaq superkarın son kütləvi versiyaları olacaqdırlar.

Lamborghini SCV12 trek hiperkarının bu yay debüt edəcəyi rəsmi olaraq təsdiqlənib, ancaq hiperkarın gələn həftə görməmiz ehtimalı da azdır: Squadra Corse yarış bölməsinin hazırladığı model, demək olar ki, tamamilə açıqlanıb, buna görə də şirkətin belə bir minimalist tizer ilə tamaşaçıları ovsunlaması üçün heç bir ehtiyac yoxdur.

Nə qalır? Çox güman ki, əsrarəngiz superkar kiçik miqyaslı tirajla buraxılan Sian modelinin açıq versiyasıdır. Lamborghini hələlik rodster kuzovlu Sian hibrid superkarını buraxcağını elan etməyib, lakin şayiələrə görə, rodsterin planlaşdırılan bütün tirajı əvvəlcədən sifarişlərlə satılıb. Tizerdə verilən eyham bu fərziyyəni təsdiqləyir: istehsalçı debütantın “vaxtını qabaqladığını” iddia edir. Yəni, ən azından söhbət innovativ avtomobildən gedir ki, Lamborghini markasının ilk seriya hibridinə çevrilmiş Sian modeli bu rol üçün ən uyğun olanıdır.