Lexus şirkəti LC Inspiration və LX Inspiration modellərinin ardınca LS bayraqdar sedanının da eksklyuziv versiyasını hazırlayıb. Xüsusi seriyadan olan avtomobillər 300 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaqdırlar.

Lexus LS 500 Inspiration sedanın kuzovu xüsusi Deep Garnet adlı rəngə boyanmışdır ki, yapon istehsalçısı bu çaları «günəş şüaları altında parlayan, lakin kölgədə dərin parlaq tona malik olan qırmızı rəngin dərin metallik çaları» kimi səciyyələndirib. Bundan başqa, xüsusi seriyadan olan sedanlar Black Vapor Chrome qara xrom rənginə boyanmış 20-düymlük təkər diskləri ilə təchiz edilirlər.

Xüsusi seriyadan olan Lexus LS 500 Inspiration sedanlarının salon tərtibatında parlaq ağ yarıanilin dəridən istifadə edilib. Ağ interyerlə vizual fərqi yaratmaq üçün ön panel, sükan çarxı, qapı panellərinin bir hissəsi və döşəmə xalısı qara rəngli materiallarla üzləniblər. Kiriko şüşəsindən hazırlanmış dekor elementləri qapı panellərini və dinamiklərin üzlüklərini bəzəyir.  Bundan başqa, avtomobilin salonu mavi LED ətraf işıqlandırmasına, həmçinin hər bir qapıda yerləşən və yol səthinə «Lexus» kəlməsini proyeksiya edən lampalara malik olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Lexus LS 500 Inspiration modeli 416 at qüvvəsi və 599 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 biturbomühərrik ilə təchiz edilir. Arxadan çəkişli LS 500 modeli 100 km/saat  həddinə 4,5 saniyəyə sürətlənir. Tam ötürməli variant isə, bu işə 0,1 saniyə artıq vaxt sərf edir.

Lexus LS 500 Inspiration modelinin satışlarına bu ilin payızında başlanacaqdır. Avtomobilin qiyməti satışların başlanmasından öncə açıqlanacaqdır.