QİÇS-ə qarşı mübarizə aparan Elton Con fondunun təşkil etdiyi hərracda məhdud saylı First Edition seriyasından olan Bentley Flying Spur sedanı satılıb. Adı çəkilməyən iştirakçı avtomobil üçün 700 min avro ödəyib. Bu adi sedanın qiymətindən üç dəfə bahadır.

Hərracın qalibi öz sedanın yaradılmasında şəxsən iştirak edə bilər. O, Bentley dizaynerləri ilə birlikdə eksklyuziv dəstləri olan fərdiləşdirilmiş avtomobili yaradacaqdır. Qeyd etmək lazımdır ki, müştərinin seçiminə heç məhdudiyyət qoyulmayıb: o, arzuladığı kuzov rəngini, salonun tərtibatını və oturacaqların tikiş variantını seçə bilər.

Bentley Flying Fist Edition seriyasından olan sedanların istehsalı 12 ay davam edəcəkdir. İstehsal bu ilin sonunda başlanmalıdır..Yeni Bentley Flying Spur sedanı Continental GT kupesinin üslubunda olan dizayna malikdir. Dördqapılı qrand-turer Porsche mühəndislərinin hazırladığı MSB platformasında inşa edilib.

Bentley Flying Spur 6,0-litrlik W12 mühərriki ilə təchiz edilir. İkiaxınlı turbokompressor cütlüyü ilə təchiz edilmiş aqreqat 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir. Mühərrik ZF firmasının ikimuftalı səkkiz pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Sedan 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir və 333 km/saatlıq maksimal sürət həddinə malikdir.