Mercedes-Benz şirkəti Avropa Birliyinin Əqli Mülkiyyət Bürosuna yeni EQG ticarət nişanını qeydə almaq üçün müraciət edib. Beləliklə, marka nümayəndələri tezliklə elektrik G-Class ofrouderinin buraxılacağı barədə şayiələri təsdiqləyiblər.

Bu il Mercedes-Benz şirkəti təqdimatı bu yay keçirilməsi gözlənilən EQS elektromobilini nümayiş etdirəcəkdir. S-class bayraqdarının elektrik analoqu adlandırılan model iki versiyada buraxılacaqdır. Sonra alman markası keçən ildən bəri sınaqdan keçirilən EQA elektrik krossoverini nümayiş etdirəcəkdir. Ancaq almanlar dayanmamağa qərar veriblər və elektriklə hərəkətə gələn “Gelendvagen”nin adını qeydiyyatdan keçirmək üçün müraciət ediblər.

Avropa Əqli Mülkiyyət Bürosunda EQG-Class modeli üçün təqdim edilmiş müraciətə aprel ayının əvvəlindən bəri baxılır. Yeni Mercedes-Benz ticarət nişanının qeyd sənədində EQG 580 və EQG 560 adları qeyd olunur. Şirkət hələlik digər təfərrüatları açıqlamayıb. “Yaşıl” Gelandewagen modelinin 2022-dən öncə debüt edəcəyi gözlənilmir.

Elektrik G-Class haqqında ilk xatırlatmalar 2019-cu ilin noyabrında meydana çıxıb. Sonra Mercedes-Benz Cars şirkətinin rəhbəri Ola Kallenius, Gelandewagen modelinin şirkətin imtina edəcəyi daxili yanma mühərrikli son avtomobilin olacağını söyləmişdi. Eyni zamanda, ofrouder nə zamansa konveyerdən çıxarılmalı olacaqdır, buna görə mühəndislər əfsanəvi modelin tamamilə elektrikləşdirilməsi imkanlarını işləyib hazırlayıblar.