Təkərlərin quraşdırılma bucaqları avtomobilin yolda davranmasında mühüm rol oynayırlar. Yarış bolidləri bir kənarda dursun, hətta “mülki” avtomobillərin asqının bu parametrlərinin diqqətlə tənzimlənməsi tələb olunur. Adətən bu bucaqlar statik olaraq tənzimlənir və möhkəm şəkildə sabitlənirlər, lakin Lamborghini şirkətində bu qüsuru düzəltməyə qərar veriblər və hərəkət zamanı arxa təkərlərin yaxınlaşma və çəplik bucaqlarını dəyişdirə bilən bir sistemi hazırlayıblar!

Yeni qurğu Active Wheel Carrier (AWC), yəni “aktiv təkər topu” adlanır. Bu ağıllı sistemin əsas vəzifəsi əvvəllər əlçatmaz olan idarəolunma səviyyəsini təmin etməkdir. O, eyni anda iki bucağı - yaxınlaşma və çəpliyi, - rəvan şəkildə dəyişə bilir. Axı, sabit parametrlər hər zaman bir kompromisdir. Məsələn, aqressiv bucaqlar ekstremal şəraitdə idarəetməyə fayda versə də, şinlərin sürətlə aşınmasına səbəb olur.

Aktiv təkər topuna yaxınlaşma və çəpliyi müstəqil şəkildə dəyişə bilən iki ayrı mexanizm daxildir. Bu mexanizmlər xüsusi elektrik mühərrikləri tərəfindən dişli çarxlar vasitəsilə idarə olunurlar. Hər şeyi elektronika idarə edir. Lamborghini şirkətinin baş mühəndisi Ruven Mor sistemin ən mürəkkəb və zəhmət tələb edən komponentinin məhz alqoritmlər olduğunu hesab edir. Axı AWC sisteminin işi stabilləşdirmə və dartma vektoruna nəzarət sistemləri, eləcə də aktiv aerodinamika ilə çox incə şəkildə sinxronlaşdırılmalıdır.

Nəticədə, Active Wheel Carrier çəplik bucağını 2,5 dərəcə müsbətdən 5,5 dərəcə mənfiyə, yaxınlaşma bucağını isə, hər iki istiqamətdə 6,6 dərəcə qədər dəyişə bilər. 48 voltluq pilləli mühərriklər saniyədə 60 dərəcəyə qədər sürətlə hər iki bucağı eyni vaxtda dəyişməyə qadirdirlər, yəni tam bucaq diapazonunun keçilməsi saniyənin dörddə birindən az müddətdə baş verir. Nəticə: avtomobilin yaratdığı yana sürətlənmə 25 faizə qədər artır! 

Artıq Active Wheel Carrier quraşdırılmış Lamborghini Huracan kupesi üç məşhur trekdə təsiredici nəticələr əldə edib. Nardo trekində, zavod sınaq pilotunun idarə etdiyi prototip 2,8 saniyə, Imolada - 2,2 saniyə daha yeyin olub. Əfsanəvi Nürburqrinqdə isə, aktiv təkər topu olan Huracan adi superkardan demək olar ki, 5 saniyə daha yaxşı nəticəni qeydə alıb.

Gələcəkdə mühəndislər elektrik aktuatorlarını Revuelto hiperkarına bənzəyəcək Lamborghini plagin hibridlərinin 400 voltluq elektrik sisteminin tərkibində çalışmaları üçün hazırlamaq niyyətindədirlər. Bu, həm də AWC sisteminin yalnız arxa təkərlərdə istifadəsini izah edir, çünki Revuelto artıq ön tərəfdə dartma vektorunu idarə etmək imkanına malikdir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.