Rivian şirkəti də Tesla şarj standartından istifadə edən avtomobil istehsalçılarının cərgəsinə qoşulub. Amerikan elektromobil istehsalçısı Ford və General Motors konsernlərinin ardınca şimaliamerikan NACS (North American Charging Standard) standartına keçdiyini elan edib. Bu standart Tesla tərəfindən yaradılıb və geniş şəbəkəyə malik olan Supercharger şarj stansiyalarında istifadə edilir. Tesla konnektorunu qəbul etməyə razılaşan digər elektromobillərin sahibləri də bu terminallardan yararlana biləcəklər.

Rivian R1T və R1S modellərinin sahibləri 2024-cü ilin yazından etibarən xüsusi adapterin köməkliyi ilə öz elektromobillərini Tesla Supercharger stansiyalarında şarj edə biləcəklər. İstehsalçı adapterləri pulsuz təmin edəcəyinə söz verib. Tesla şirkətinin təklif etdiyi CCS Combo 1 adapterinin qiyməti isə 175 dollardır.

2025-ci ildən isə adapterə ehtiyac qalmayacaqdır: NACS konnektoru brendin bütün elektromobilləri üçün standart olacaqdır. Bu, həm hazırkı R1, həm də R2 seriyasından olan gələcək Rivian modellərinə aiddir.

May ayında Ford avtomobillərini yeni adapter ilə təchiz etmək qərarına gəlib. Müddət eynidir: 2024-cü ilin yazından Mustang Mach-E, E-Transit və F-150 Lightning modellərinin sahibləri adapterin köməkliyilə öz elektromobillərini Tesla Supercharger stansiyalarında doldura biləcəklər, 2025-ci ildən isə adapter lazım olmayacaqdır.

Bir meddət bundan əvvəl General Motors da bu hərəkata qoşulub, sırada Stellantis və Hyundai konsernləri var ki, onlar da NACS standartına keçmək üzərində düşünürlər.

Tesla Supercharger şəbəkəsi təkcə ABŞ-da ən böyük deyil, həm də ən etibarlı şəbəkə hesab olunur. “Carscoops” nəşrinin bildirdiyinə görə, digər operatorların terminalları etibarlılıqlarına görə Supercharger terminallarından geri qalır və boşdayanmalarla işləyirlər. Nəticədə batareyaları boşalmış elektrokar sahibləri xoşagəlməz hallarla üzləşirlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.