Toyota şirkətinin Avropa bölməsi yüngül kommersiya avtomobillərinin yenilənmiş və genişləndirilmiş çeşidini təqdim edib. Kiçik Toyota ProAce City və örta ölçülü Toyota ProAce furqonlarına 1,5 tonluq Toyota ProAce Max qoşulub. Bununla belə, bu modeli yalnız Toyota üçün yeni hesab etmək olar.

ProAce Max yapon şistehsalçısının Stellantis ilə əməkdaşlığının genişlənməsinə dəlalət edir, çünki bütün ProAce çeşidi minimal dəyişikliklərlə bu konserndən götürülüb. 

Hətta ilk baxışdan, yeni furqonun franko-italyan Fiat Ducato, Citroen Jumper, Peugeot Boxer və Opel Movano modellərinin başqa bir növü olduğu görünür. Bu ailə 2006-cı ildən istehsal olunur və bu müddət ərzində iki böyük yenilənməyə məruz qalıb. Yeni Toyota isə sadalanan modellərdən yalnız ön hissənin plastik dayağı ilə fərqlənir.

Toyota üçün bu model böyük əhəmiyyət kəsb edir – o, yapon markasına Avropanın iri yük-sərnişin furqonları seqmentinə daxil olmağa kömək etməlidir. ProAce Max iki təkər bazası, üç uzunluq və hündürlük variantında təklif olunacaq.

Yük bölməsinin maksimal həcmi 17 kubmetrdir. Bundan əlavə, müştərilər müxtəlif kabin konfiqurasiyası (bir və ya iki sıra) və üstqurumu olan şassilər arasında seçim edə biləcəklər.

Hələlik ProAce Max furqonunun elektrik versiyası təqdim edilib. Furqon 110 kilovat/saat tutumu olan dartma batareyasına və 420 kilometrlik (WLTP) yürüş məsafəsinə malikdir. 150 kilovat gücündə şarj cihazı ilə batareyanın 80 faizinin doldurulmasına bir saatdan az vaxt tələb olunur. ProAce Max modelinin dizel versiyasının buraxılıb - buraxılmayacağı məlum deyil.

Kiçik ProAce və ProAce City modelləri isə, Peugeot və Citroen brendləri altında buraxılan analoqları ilə eyni üslubda yeniləniblər. Yapon markası altında buraxılan avtomobillər əkizlərindən yalnız bamperləri və loqotipləri ilə fərqlənirlər.

Güc qurğularına gəldikdə isə, Toyota yenə də daxili yanma mühərrikli versiyalar haqqında məlumat verməyib və yalnız elektrik versiyalarının bəzi xüsusiyyətlərini açıqlayıb. Avropalı qohumları kimi, Toyota furqonları da bir qədər uzunmənzilli olublar. 

Orta ölçülü ProAce furqonunun yürüş ehtiyatı  350 kilometrə qədər artırılıb (+ 20 kilometr), ProAceCity furqonunun isə, 330 kilometr (+ 50 kilometr) təşkil edir.

Səkkizinci nəsil Toyota Hilux pikapı da yenilənib: onun modifikasiya çeşidinə “yumşaq” hibrid əlavə edilib. Güc qurğusunun tərkibinə 2,8-litrlik dördsilindrli turbodizel və kiçik tutumlu akkumulyatordan qidalanan 48 voltluq startyor-generator daxildir. Hibridin texniki xüsusiyyətlər hələlik açıqlanmayıb. 

Image alt Image alt Image alt Image alt

Bununla belə, Toyota şirkətinin Avstraliyadakı törəmə şirkəti daha əvvəl hibrid üstqurumun yanacaq sərfiyyatını 10% azaldacağını bildirmişdi. Bundan əlavə, startyor-generator tərəfindən aşağı dövrlərdə təmin edilən əlavə fırlanma anı pikapın ofroud qabiliyyətini yaxşılaşdırmalıdır.

Sadalanan bütün Toyota avtomobilləri 2024-cü ilin əvvəlində Avropa bazarına çıxmalıdırlar. Qiymətlər daha sonra açıqlanacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.