Sükan çarxında sensorlu düymələr ilk dəfə, 2019-cu ildə, səkkizinci nəsil Volkswagen Golf hetçbekində debüt edib. Zaman keçdikcə, avtomobil sahibləri belə düymələrdən narazı qaldıqlarını bildirməyə başlayıblar. Üç il kedikdən sonra, Volkswagen sensorlardan imtina edəcəyini bəyan edib. Bu günlərdə Britaniyanın “Autocar” nəşrinə mesahibə verən Volkswagen şirkətinin rəhbəri Tomas Şefer, analoq düymələrinin sensorlu panellərlə əvəzlənməsi qərarının səhv olduğunu etiraf edib.

Sükan çarxında sensorlu panellər olan avtomobillərin sahibləri belə düymələrin istifadədə narahat olduğunu bildirərək, sürücünün diqqətini yoldan daha az yayındıran adi düymələrin geri qaytarılmasını xahiş ediblər. Üstəlik, iqlimə nəzarət sisteminin sensorlu idarəetmə paneli də avtomobil sahiblərinin narazılığına səbəb olub - bu panel multimedia sisteminin ekranının altında yerləşir. Tomas Şefer jurnalistlərə analoq düymələrindən imtinanın "açıq şəkildə böyük zərər vurduğunu" təsdiqləyib və bu səhvin tezliklə aradan qaldırılacağını vəd edib.

Sükan çarxındakı ənənəvi düymələri ilk alan model yeni nəsil Volkswagen Tiguan krossoveri olacaqdır. Onun ardınca analoq düymələrini yenilənmiş Golf hetçbeki və növbəti nəsil Passat modeli alacaqdır. Şeferin sözlərinə görə, yeni interyer dizaynının hazırlanması uzun zaman tələb edib və bu işə böyük bir mütəxəssis qrupu cəlb olunub. Eyni zamanda, avtomobil istehsalçısı salonda rəqəmsallaşma və minimalizm kimi üzrə ümumi tendensiyadan imtina etmək niyyətində deyil - əksər funksiyalar hələ də multimedia sisteminin ekranından idarə olunacaqlar.

Qeyd edək ki, hələ 2022-ci ildə aparılmış araşdırma, avtomobil sahiblərinin əksəriyyətinin fiziki düymələrə sensorlu variantdan daha çox üstünlük verdiklərini aşkar edib. Sorğu keçirilib və respondentlərin əksəriyyəti sensorlu düymələrin diqqəti daha çox yayındırdığını və onlarla işləməyə 2,5 dəfə çox vaxt sərf etdiklərini bildiriblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.