Hyundai şirkəti Çin bazarı üçün hazırladığı Santa Fe modelini Quançjouda keçirilən avtosalonda təqdim edib. Qeyd etmək lazımdır ki, çinlilər üçün nəzərdə tutulan avtomobil bütün dünyada satılan Santa Fe krossoverindən bir qədər fərqlənir. Əlbəttə ki, iş təkcə uzadılan qabarit və təkər bazasında deyil.

Çin bazarında satılacaq Hyundai Santa Fe modeli 2865 millimetrlik (+ 100 millimetr) təkər bazasına malikdir. Krossoverin ümumi uzunluğu 4930 millimetr təşkil edir. Xatırladaq ki, bizim bazarda satılan modelin qabarit uzunluğu 4770 millimetrdir - yəni, iki avtomobil arasında 160 millimetrlik fərq mövcuddur.

Bütün bunlar krossoverin ikinci və üçüncü oturacaq cərgəsində kifayət qədər məkanı təklif etmək üçün aparılan dəyişikliklərdir.Qeyd etmək gərəkdir ki, Çində satılan Santa Fe krossoveri standart olaraq üç oturacaq cərgəsi ilə təklif ediləcəkdir. Modelin bahalı modifikasiyalarında ikinci cərgənin üçyerli divanı fərdi tənzimləmələri olan iki oturacaqla əvəz ediləcəkdir. Arxa oturacaqları qatlamaq üçün baqaj bölümündəki düymələrə basmaq kifayətdir. Üstəlik, ön sərnişin oturacağının kürək hissəsinin kənarında elektrik ötürməsinin xüsusi düymələri arxa cərgədə oturan avtomobil sahibinə ön oturacağı irəli çəkmək imkanı verəcəkdir.

Ən maraqlısı isə, avtomobilin arxa hissəsinin dizaynıdır. Burada genişləndirilmiş arxa şüşələri və Hyundai avtomobillərinə xas olmayan, lakin Volvo avtomobillərində gördüyümüz üslubda tərtib edilən arxa fənərləri görmək olar.   

Çində satılacaq avtomobilin interyerində də ona məxsus olan cəhətlər vardır. Məsələn, mərkəzi konsol başqa quruluşa malikdir, multimedia sisteminin idarə edilməsində isə tamamilə sensorlardan istifadə edilir. Cihazlar panelində də analoq cihazları trapesiyaşəkilli deyil, yumru formalara malikdirlər. Ötürmələr qutusunun klassik dəstəyi yerini düymələr pultuna verib. Bundan başqa, avtomobilin avadanlıq siyahısına sahibinin barmaq izlərini tanıma sistemi daxil edilibdir ki, onun köməyi ilə qapıları açmaq və ya mühərriki işə salmaq olar. Bununla belə, sistemin skanerlərinin harada yerləşdiyi barədə məlumat verilməyib.

Çin bazarında satılacaq Hyundai Santa Fe modeli 2,0-litrlik T-GDI turbomühərriki və səkkiz pilləli avtomatik qutu ilə təchiz ediləcəkdir. İstehsalçı mühərrikin xarakteristikalarını açıqlamayıb. Uzunbazalı Santa Fe modelinin istehsalı ilə Beijing Hyundai birgə müəssisəsi məşğul olacaqdır. Yeni modelin Çindəki satışlarına gələn ilin birinci rübündə başlanmalıdır. 

Mənbə: Autoreview.ru

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt