Lumma Dizayn atelyesi CLR AM tüninq dəsti təchiz edilmiş Aston Martin DBX krossoverinin kompyüter eskizlərini dərc edib. Krossover genişformalı kuzov dəstinə, beşinci qapıda quraşdırılmış zərif spoylerə, yeni təkər disklərinə və buraxılış sisteminin ucluqlarına sahib olub.

Aston Martin Lumma CLR AM modeli adi DBX krossoverlərdən ciddi şəkildə fərqlənir. Alman atelyesinin dizaynerləri bamperləri və ön qanadları dəyişdirmiş, təkər tağlarını genişləndiricilərini və yeni kandarları quraşdırmış, diffuzor və arxa antiqanadın konstruksiyasına yenidən baxmışlar.

Müştərinin seçdiyi kuzov rəngindən asılı olmayaraq, kuzov dəstinin perimetri boyu qırmızı haşiyə uzanır. Bu haşiyə radiator barmaqlığını əhatə edir, yan çıxıntıların istiqamətini vurğulayır və diqqəti səsboğucu sistemin ucluqlarına yönəldir .

Kuzov dəstinin bəzi elementlərinin karbon lifindən hazırlanması planlaşdırılır. Lumma stilistləri kompozitdən işləmələr mövzusunu avtomobiin salonunda da davam etdirmək niyyətindədirlər. Onlar interyeri pedalların polimerdən örtüyü ilə bəzəmək, sükan çarxına və ön panelə karbondan dekoru əlavə etmək istəyirlər. Hələlik, Lumma salonun eksizlərini dərc etməyib.

Aston Martin DBX modelinin texniki hissəsinə müdaxiləni standart diskləri mərkəzi boltu olan xüsusi idman diskləri ilə əvəz etməklə məhdudlaşdırıblar. Lakin, tüninq dəstinin seriya versiyasında bu məsələyə yenidən baxıla bilər.

Bundan əlavə, mühəndislər buraxılış sistemini dəyişdirmək qərarına gələ bilərlər: eskizlərdə standart ucluqlar yerlərini cütlənmiş "lüləsi" olan daha iri ucluqlara veriblər. Mercedes-AMG istehsalı olan 550 at qüvvəli V8 biturbo mühərrikinə müdaxilə hələlik planlaşdırılmayıb.

Atelye Aston Martin Lumma CLR AM modelini 20 nüsxəlik tirajla buraxmağı planlaşdırır. Hazır krossoverlər 2020-ci ilin sonuna qədər müştərilərə çatdırıla bilər. Təkmilləşdirmələrin qiyməti satışların başlanmasına yaxın elan ediləcəkdir.

Xatırladaq ki, bir müddət bundan öncə, Aston Martin şirkətinin xüsusi sifarişlər üzrə ixtisaslaşmış Q bölməsi, Cenevrə avtosalonunda nümayiş etdirməyi planlaşdırdığı xüsusi DBX modeli təqdim edib.