Kemptendə yerləşən ABT Sportsline tüninq atelyesi Audi avtomobillərinin tüninqi ilə məşhurlaşıb. Lakin, alman atelyesi təkcə Audi markasından olan avtomobillərin tüninqi ilə məşğul olmur – kemptenlilərin portfelində VW Group konserninə daxil olan istənilən markanın avtomobilləri üçün layihələr mövcuddur.

Buna baxmayaraq, kemptenlilərin ən zəif nöqtələrindən biri Audi RS6 Avant modelidir. Atelyenin mövcud olduğu illər ərzində hazırladığı superuniversallar hər zaman diqqət mərkəzində olublar. Bunlara misal olaraq, 735 at qüvvəsinə malik olan ABT RS6 + Performance Nogaro Edition modelini və tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn 1018 at qüvvəli ABT RS6-E universalını göstərmək mümkündür.

Bu günlərdə ABT atelyesi yeni nəsil Audi RS6 Avant modelin əsasında RS6-R layihəsini hazırladığını bəyan edərək, yeni superuniversalın iki tizeri dərc edib. Qeyd etmək lazımdır ki, kemptenlilərin hazırladığı RS6-R bu günə qədər mövcud olmuş universalların arasında ən aqressiv görkəməlısidir. İri ön splitterə və arxa diffuzora, hava girişləri genişləndirilmiş bamperlərə, buraxılış sisteminin dörd çıxış borusuna və iri təkər disklərinə malik olan universal qeyri – adiliyi ilə seçilir.

ABT atelyesi superuniversalın güc xarakteristikasını açıqlamasa da, hibrid mühərrikin gücünün 740 at qüvvəsinin üzərində olacağını əminliklə söyləmək olar.