Artıq bir neçə ildir ki, Tesla Model S elektrokarının şöhrəti ənənəvi avtomobillərin istehsalçılarının yuxusunu qaçırıb. Bu səbəbdən də, artıq avtoistehsalçılar özlərinin elektriklə hərəkətə gələn bayraqdarlarını hazırlamağa başlayıblar. Məsələn, Porsche şirkəti artıq Taycan modelini təqdim edib. Yaxın zamanlarda ona Mercedes-Benz EQS, Audi e-tron GT və hətta Jaguar XJ modelləri də qoşulacaqlar.

Adlarını çəkdiyimiz bu üç elektrokar 2021-ci ildə satışa çıxmalıdırlar. Lakin, BMW şirkəti bu yarışa bir qədər gec qoşulub – bavariya markası özünün bayraqdar elektrokarını 2024-cü ildə təqdim etməyi planlaşdırır. Bunu Autoblog.it saytında çalışan həmkarlarımız deyir. Onların əldə etdiyi məlumata əsasən, iri bavariya elektrosedanı i6 adını alacaq və birbaşa Porsche Taycan modeli ilə rəqabət aparacaqdır.

Eyni zamanda, italyan jurnalistlər BMW i6 modelinin 2017-ci ildə Frankfurt avtosalonunda nümayiş etdirilmiş  iVision Dynamics konseptinin seriya variantının olacağını və 8 Series Gran Coupe modelinə bənzəyəcəyini də bildiriblər. Lakin, bütün bunlar alman şirkətinin İdarə heyətinin sədri Harald Krügerin mövqeyinə uyğun gəlmir – o, 2018-ci ilin yazında iVision Dynamics konseptinin 2021-ci ildə i4 adı ilə konveyerdən çıxacağını bildirmişdi. Bildiyimiz qədər isə, i4 modelini Taycan ilə deyil, daha çox Tesla Model 3 ilə müqayisə etmək olar.

İtalyan jurnalistlərin bildirdiyinə görə, BMW i6 modelinin baza variantı öndə 150 kVt, arxada isə 250 kVt gücünə malik olan elektromotorlarla təchiz ediləcəkdir. Bundan başqa, hər oxda 250 kVt gücünə malik olan elektromotor quraşdırılmış M Performance modifikasiyası da təklif ediləcəkdir. Batareya da iki variantda təklif olunacaqdır – 90 və 120 kVs. Bu sayədə elektrik sedan müvafiq olaraq 560 və 700 km qət edə biləcəkdir. Görüən odur ki, italyanlar bu rəqəmləri iki il bundan öncə nümayiş etdirilmiş beşinci nəsil eDrive texnologiyasına həsr edilmiş təqdimatından götürüblər.

Lakin, bu söylənilənlərə sonuna kimi inanmaq olmaz. Yeganə inanmalı məqam alman markasının bayraqdar elektromobilinin işıq üzü görəcəyidir.