Ford şirkətinin nümayəndəsi Everest Raptor ramalı ofrouderinin perspektivləri barədə danışıb. Everest layihəsinin baş mühəndisi Yan Foston Raptor layihəsinin gündəmdə olmadığını, lakin müştərilər gücləndirilmiş mühərriki və asqısı olan versiyaya maraq göstərərlərsə, Ford rəhbərliyinin fikrini dəyişə biləcəyini söyləyib. Hazırda Ford markasının model xəttində yeganə “bərkgedən” ofrouder var - Bronco Raptor. Lakin bu model yalnız ABŞ-da satılır.

Ford Everest modelinin əsas bazarları Cənubi-Şərqi Asiya və Afrika ölkələri, habelə Hindistan və Avstraliyadır. Odur ki, Bronco Raptor ilə Everest Raptor arasında daxili rəqabət olmayacaqdır.

Ford şirkətinin T6 platformasında “bərkgedən” model buraxmaq təcrübəsi mövcuddur - iki həftə bundan öncə Ranger Raptor pikapı debüt edib. Şübhəsiz ki, 397 at qüvvəsi və 583 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 mühərrikini Everest üçün adaptasiya etmək olar. Ümumi şassi isə, daha dözümlü asqının testlərinə çəkilən xərclərə qənaət etməyə imkan verəcəkdir.

Ford marketoloqları inkişaf edən bazarlarda “bərkgedən” pikaplarla yanaşı, onlara əsaslanan “bərkgedən” ofrouderlərə tələbatın olub-olmadığını aydınlaşdırmalıdırlar. Əgər Everest modeli və Ranger Raptor modeli onlara ümidləri doğruldarlarsa, daha bir Raptor modelinin peyda olması şansı yüksələcəkdir. 

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.